ABŞ-da Avropadakı enerji layihələrini maliyyələşdirmək üçün fond yaradılması təklif olunur
- 20 dekabr, 2019
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ senatorları Avropadakı enerji layihələrini maliyyələşdirmək üçün 1 milyard dollarlıq fond yaratmağı təklif edirlər.
"Report" xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Qeyd olunur ki, bu addımlar Avropa ölkələrinin Rusiyadan enerji asılılığına son qoymağa yönəlib.
"Avropadakı mövcudluğumuzu dəyişdirməyin yeni yollarını tapmağa çalışırıq", - deyə qanun layihəsinin müəlliflərindən olan ABŞ senatoru Kris Mörfi bildirib.
Senatorun saytında qeyd olunub ki, yaxın dörd il ərzində regiondakı enerji layihələrinə, təxminən, 1 milyard ABŞ dolları məbləğində vəsait ayrılması Rusiyanın energetika sahəsindəki yırtıcı siyasətinə qarşı çıxmaq, ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün yeni vasitədir.
Sənəddə həmçinin əlavə 31,5 milyon dolların Avropanın enerji layihələri ilə artıq işləyən ABŞ şirkətlərinə yardım üçün gedəcəyi də vurğulanıb.
Bununla belə, K.Mörfinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın qanunun qəbul edilməsinə qarşı çıxa biləcəyi ilə bağlı narahatlıqlar da var.