ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 17 %-ə yaxın artırıb

Energetika
  • 10 may, 2024
  • 08:48
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 17 %-ə yaxın artırıb

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr səmt qazı verib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə, SOCAR-a 0,7 milyard kubmetr səmt qazı verilib.

SOCAR-a verilən səmt qazının həcmi 2023-cü ilin eyni dövründəkindən 0,1 milyard kubmetr və ya 16,7 % çox olub.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.