ABƏŞ ötən il SOCAR-a verdiyi səmt qazın həcmini açıqlayıb

Energetika
  • 10 fevral, 2022
  • 08:36
ABƏŞ ötən il SOCAR-a verdiyi səmt qazın həcmini açıqlayıb

2021-ci il ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr səmt qazı verib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə, hesabat dövründə SOCAR-a 3 milyard kubmetr həcmində səmt qazı verilib.

2021-ci il ərzində SOCAR-a verilən səmt qazının həcmi 2020-ci ilin göstəriciləri ilə müqayisədə 0,8 milyon kubmetr və ya 36,4 % çoxdur.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.