Azərbaycan qazının alıcıları arasında Türkiyə lider olub

Energetika
  • 23 may, 2024
  • 08:45
Azərbaycan qazının alıcıları arasında Türkiyə lider olub

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyəyə 2 milyard 268 milyon 601,04 min kubmetr təbii qaz ixrac edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan qazının dəyəri 715 milyon 241,98 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 2,6 dəfə və ya 1 milyard 478 milyon 469,4 min kubmetr artıb. Dəyər ifadəsində artım 84,9 % və ya 675 milyon 515,66 min ABŞ dolları olub.

Ümumilikdə, 2024-cü ilin I rübündə Azərbaycan 1 milyard 752 milyon 107,96 min ABŞ dolları (25,4 % az) dəyərində 4 milyard 932 milyon 908,72 min kubmetr qaz (61,5 % çox) ixrac edib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilən bütün qazın təxminən yarısı - 46 %-i Türkiyənin payına düşüb. Bu ölkə Azərbaycan qazının tədarükündə birinci yerdə qərarlaşıb.

Ümumilikdə bu ilin birinci rübündə Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz ixrac edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları (66,7 % çox) dəyərində 10 milyard 854 milyon 265 min kubmetr qaz (2022-ci illə müqayisədə 58,4 % çox) ixrac edib.

Qeyd edək ki, Azərbaycanın “Şahdəniz” yatağında hasil edilən təbii qaz Türkiyəyə ixrac edilir. Türkiyə bazarına ilk Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə 2007-ci ildə daxil olub. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə qazın kommersiya nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

44 filmi