Türkiyəli professor: Təhsil insanın yaşamaqdan sonra ikinci ən böyük haqqıdır

Elm və təhsil
  • 05 noyabr, 2025
  • 17:13
Türkiyəli professor: Təhsil insanın yaşamaqdan sonra ikinci ən böyük haqqıdır

Təhsil insanın yaşamaqdan sonra ikinci ən böyük haqqıdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin MEF Universitetinin Təhsil fakültəsinin dekanı professor Mustafa Özcan "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda panel sessiya zamanı deyib.

Onun sözlərinə görə, insanı bioloji varlıqdan mədəni varlığa çevirən anlayış təhsildir: "Bir sözlə, təhsil yoxdursa, mədəni insan da yoxdur".

Professor təhsilin bütün dünyadakı uşaqlar üçün əlçatan olmasının vacibliyinə diqqət çəkərək bildirib ki, əks təqdirdə gələcək həyat təhlükəyə düşəcək.

İstanbul Universiteti Hüquq fakültəsi, Konstitusiya hüququ bölməsinin nümayəndəsi Volkan Aslan isə süni intellektin məhkəmə-hüquq sisteminə tətbiq edilməsi təqdirində yarana biləcək təhdidlərə diqqət çəkib: "İnsan tərəfindən qərarvermə haqqını süni intellektə etibar etmək böyük təhdiddir. Bu, məhkəmənin işi və onun verəcəyi qərardır".

Kırklareli Universitetinin Hüquq fakültəsinin nümayəndəsi Cansu Dağ Azərbaycan və Türkiyə konstitusiyaları arasında müqayisəli paralellər aparıb.

O, Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII bəndində yer alan müddəadakı kimi, Türkiyənin Ana Yasasında dəyişiklik edilməsinin faydalı olacağını qeyd edib.

"Azərbaycan Konstitusiyasında fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir", - o vurğulayıb.

Panel sessiya sual-cavab və müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti