Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub
- 16 sentyabr, 2026
- 17:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, universitetin foyesində hər iki ölkənin böyük liderləri - Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi ehtiramla anılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı şəhəri Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkənin strateji əməkdaşlığının nəticəsidir və bu sli təhsil müəssisəsində peşəkar və beynəlxalq səviyyəli kadrlar hazırlanacaq.
TAU-nun rektoru, dosent Nəcibə Nəsibova çıxışında bildirib ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılmış bu universitet Azərbaycan gənclərinə geniş imkanlar yaradır:
"Gənclərimiz ölkə xaricinə getmədən, öz Vətənimizdə Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər. Onların modern elmi mühitdə yetişmələri üçün bütün yollar açıqdır. Bu, gənclərimiz üçün dəyərli bir fürsətdir və onların yüksəkixtisaslı mühəndislər kimi yetişməsi üzərimizə böyük məsuliyyət qoyur".
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvəsinin məhz universitetlər olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, ölkələrin gələcəyi məhz universitetlərdə müəyyən olunur və bu mənada TAU kimi strateji və beynəlxalq səviyyəli universitetin yaradılması böyük əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva çıxışında Türkiyə-Azərbaycan Universitetinin qurulması və fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, qida təhlükəsizliyinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu bildirib və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində TAU ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasındakı əlaqələrin pik nöqtəsidir və gələcək onillikləri əhatə edəcək ortaq layihədir. O, qeyd edib ki, TAU-nun çətiri altında Türkiyənin və Azərbaycanın akademik təcrübəsinin birləşməsi son dərəcə əhəmiyyətlidir.
Müşavirin sözlərinə görə, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə qovuşması tərəflərə yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda, ortaq bilik istehsal etmək qabiliyyəti qazandırır.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Əhliman Əmiraslanov çıxışında Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin inkişafı tarixindən, Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb. O, eyni zamanda, TAU-da iki qardaş ölkənin professor-müəllim heyətinin çiyin-çiyinə çalışmasının gələcəkdə təhsil əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında Azərbaycan və Türkiyənin qardaşlığından bəhs edərək İkinci Qarabağ müharibəsində qazanılan zəfərin təməlində elmin, təhsilin böyük payının olduğunu vurğulayıb. O, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını iki ölkənin liderlərinin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində strateji səviyyəyə yüksələn əlaqələrin təhsil sahəsində də inkişafının təzahürü kimi qiymətləndirib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri, professor Ahmet Coşar çıxış edərək tələbələri təbrik ediblər və onlara təhsil həyatında uğurlar diləyiblər.
Tədbirdə TAU-nun ən yüksək bal toplamış tələbəsi Fatimə Hacıməmmədli (667,5 bal) çıxış edib və bildirib ki, TAU sadəcə nəzəri biliklər verən universitet deyil, eyni zamanda, tələbələrə praktiki təcrübə qazandıran, onları elmi tədqiqatlara həvəsləndirən, araşdırmağı, innovativ düşüncəni və real problemlərə həll tapmağı aşılayan ali təhsil ocağıdır.
Tədbirin sonunda builki qəbul imtahanlarında ən yüksək bal toplamış TAU-nun sənaye mühəndisliyi ixtisasının tələbəsi Fatimə Hacıməmmədli (667,5 bal), kompüter mühəndisliyi ixtisasının Ayxan Əhmədov (647,2 bal) və qida mühəndisliyi ixtisasının tələbəsi Xədicə Nəzərova (562,4 bal) müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.