NDU-da "İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi" adlı I Beynəlxalq elmi-praktik konfrans keçirilib

Elm və təhsil
  • 30 oktyabr, 2025
  • 17:27
NDU-da İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi adlı I Beynəlxalq elmi-praktik konfrans keçirilib

Bu gün Naxçıvan Dövlət Universitetində (NDU) "İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi" adlı I Beynəlxalq elmi-praktik konfransın açılış tədbiri olub.

"Report" xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfrans Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU), Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti, Malayziyanın Asya Pasifik Universitetinin və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı, bir sıra xarici və yerli universitetlərin iştirakı ilə hibrid formada keçirilib.

İki gün davam edəcək konfransın əsas məqsədləri süni intellekt və maşın öyrənməsi sahəsindəki ən son tədqiqat və texnoloji yenilikləri təqdim etmək, müxtəlif sahələrdə real tətbiq nümunələrini nümayiş etdirməkdir. Eləcə də konfrans məlumatın keyfiyyəti, modelin izah edilə və miqyaslana bilməsi kimi əsas məsələləri araşdırmaq, süni intellekt dövründə inkişafı dəstəkləmək üçün akademiya, sənaye və hökumət arasında əməkdaşlığı təşviq etməyə hədəflənib.

Açılış nitqi ilə çıxış edən NDU-nun rektoru Elbrus İsayev konfransı aktual və müzakirəsi zəruri olan süni intellekt yönündə tədqiqatçıları, sahə mütəxəssislərini, alimləri bir araya toplayan mühüm beynəlxalq forum adlandırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının strateji inkişaf planında kadr potensialının təkmilləşdirilməsində ixtisasları gələcəyin bacarıqları ilə zənginləşdirmək və yeni ixtisaslar açmaq prioritetlərinin olduğunu bildirib. NDU-da ilin əvvəlində robot moderator qadının təqdimatında "Süni intellekt: nəzəriyyədən praktikaya" II Beynəlxalq elmi konfransı keçirildiyini xatırladıb, eləcə də universitetdə tədris olunan ixtisaslarda süni intellektin seçmə fənn olaraq şaxələndirildiyini qeyd edib.

Rektor "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə NDU-da İnnovasiyalar Mərkəzinin açılışına diqqət çəkib və müxtəlif innovativ layihələrin həyata keçirildiyini vurğulayıb. Dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən istifadəyə verilən IBM Mərkəzi, hazırda tikintisi davam edən Texnologiyalar Parkı haqqında məlumat verib. Rektor irəlidə IBM İnstitutunun, tələbələrin IBM sertifikatı əsaslı təlimlərdə iştirakının, Kulturologiya Mərkəzinin də yaradılmasının planlaşdırılan tədbirlər sırasında olduğunu qeyd edib.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edərək vurğulayıb ki, konfrans qlobal əhəmiyyətli mövzuya həsr olunub, 13 ölkədən 200-ə yaxın məqalə daxil olub. İlkin mərhələdə 135 məqalə seçilib, bu məqalələr dəyərləndirildikdən sonra müxtəlif beynəlxalq elmi platformalarda çap olunacaq. Vilayət Vəliyev vurğulayıb ki, konfransda geniş coğrafiyadan iştirakçılar var və tədbirin uğurla təşkili də böyük məsuliyyət, həmçinin peşəkarlıq tələb edir. Bu mənada Naxçıvan Dövlət Universitetinin belə mühüm tədbirə ev sahibliyi təqdirəlayiqdir. Çünki süni intellekt və maşın öyrənməsi yalnız avtomatlaşdırmanı və qərarvermə proseslərini təkmilləşdirmir, eyni zamanda insanların məlumatlarla, sistemlərlə və bir-birləri ilə qarşılıqlı əlaqə qurma tərzini də dəyişdirir. Vilayət Vəliyev, "Mühüm akademik dəyərləndirmələri bir araya toplayan konfrans süni intellekt yönündə yeni təşəbbüslərin də ortaya çıxmasına imkan verən olduqca önəmli platformadır"- deyə qeyd edib.

Düzcə Universitetinin rektoru Nedim Sözbir konfransda iştirakdan məmnunluğunu ifadə edib, burada yeni ideyaların paylaşılması, problemlərin müzakirəsi və mühüm yeniliklərin təşviqi yönündə önəmli fikirlər səslənəcəyinə əminliyini bildirib. Səhiyyə, təhsil, nəqliyyat, istehsalat və maliyyə kimi müxtəlif sahələrdə hər gün yeni layihələrlə insanların həyatına daxil olan süni intellektə dair ali təhsil ocaqlarında belə tədbirlərin keçirilməsini günün tələbi olduğunu söyləyib.

MDU-nun rektoru Anar Eminov çıxışında Naxçıvan Dövlət Universitetinin süni intellektlə bağlı maarifləndirmə işində ölkədə nümunəvi ali təhsil müəssisələrindən olduğunu vurğulayıb, konfransın tədqiqatçıların bilik və təcrübələrini bölüşməsi, yeni tədqiqat istiqamətlərinin təməlinin qoyulması baxımından olduqca əhəmiyyətli tədbir olduğunu deyib. Təqdim olunan məqalələrin tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasına dəstək olmaq baxımından əsaslı mənbə olacaqlarını bildirib.

Daha sonra Pakistanın Milli Elm və Texnologiya Universitetinin prorektoru Osman Həsən "Süni intellekt sistemləri vasitəsilə neyromorfik davamlı öyrənmə üçün effektiv təkrar yaddaşa əsaslanan metodologiya", Budapeşt Korvinus Universitetinin Maliyyə İnstitutunun direktoru Kata Varadi "Mürəkkəb svop opsionlarının qiymətləndirilməsində süni intellektdən istifadə", Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin kafedra müdiri Olqa Olqa "Materialların mikrodalğadan qorunma effektivliyini proqnozlaşdırmaq üçün fizika-əsaslı neyron şəbəkələrə əsaslanan müasir yanaşma" mövuzlarında çıxış ediblər. Səsləndirilən fikirlərdə natiqlər məlumat mübadiləsindən əlavə olaraq, daha ağıllı, daha səmərəli və daha inklüziv rəqəmsal gələcək qurmağa töhfə verəcək uzunmüddətli tərəfdaşlıqlara və innovativ fikirlərə ilham verməyi əsaslandıran çağırışlara diqqət çəkiblər.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib, qonaqlar NDU-da İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, günün ikinci yarısından etibarən bu gün və sabah davam edəcək plenar iclaslar başlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti