Nazir: Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil

Elm və təhsil
  • 20 noyabr, 2025
  • 22:52
Nazir: Müəllim məktəbə müştəri yeri kimi baxırsa, o mənim üçün müəllim deyil

Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan "Diqqət Mərkəzi" proqramında deyib.

"Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq yox, məktəbə və uşaqlara xidmət etmək olmalıdır. Əgər kimsə bu prinsipləri pozursa və özəl qazancı məktəbin qarşısında üstün tutursa, o zaman bu, müəllimlik mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət və məsuliyyət tələb edən bir peşədir", - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, müəllimdən əsas gözlənti uşağa olan münasibətlə ölçülür: "Biz heç vaxt demirik ki, müəllim sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ sadəcə balda deyil. Məsələn, müəllim hər gün bir uşağa 5 bal, digərinə 10 bal qazandırır. Bu, fəaliyyətin simvolik tərəfidir. Məktəb müəllimindən əsas gözlənti yüz faiz biliklə yox, uşağa olan münasibətlə ölçülür. Bizdə həyatını məktəbə və şagirdlərə həsr edən insanlar var. Məhz bu cür müəllimləri tapıb məktəbə qaytarmaq istəyirik".

Son xəbərlər

Bütün Xəbər Lenti