Naxçıvan Dövlət Universitetində "III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi" keçirilib
- 14 noyabr, 2025
- 17:33
Noyabrın 14-də Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Çankırı Karatekin Universiteti (Türkiyə), İğdır Universiteti (Türkiyə), Rzeszovski Universiteti (Polşa), AMEA-nın Naxçıvan Bölməsi və Azərbaycan Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşkilatçılığı ilə "III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi" keçirilib.
"Report"un məlumatına görə, açılışı Duzdağ Müalicə Mərkəzində baş tutan konqresin məqsədi duz mədənlərinin geoloji, tibbi, ekoloji və turizm potensialını elmi əsaslarla öyrənmək, bu istiqamətdə aparılan tədqiqatları beynəlxalq müstəvidə müzakirə etmək, speleoterapiya və sağlamlıq turizmi sahəsində yeni əməkdaşlıq imkanları yaratmaqdır.
Əvvəlcə yeni infrastrukturla təmin olunan Duzdağ Müalicə Mərkəzi ilə tanışlıq olub. Qonaqlara müalicə alanlar üçün xüsusi ayrılmış sahələr, kitabxana, konfrans zalı və mərkəzin fəaliyyət prinsipləri barədə məlumat verilib. Qeyd olunub ki, dəniz səviyyəsindən 1100 metr dərinlikdə yerləşən, ümumi uzunluğu 46 kilometr olan duz mağarasında hazırda 440 çarpayı mövcuddur.
Açılışda Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.
Sonra "Təbiətin Duzdağ Möcüzəsi" adlı videoçarx nümayiş olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açılış nitqində bildirib ki, universitetdə keçirilən xüsusi əhəmiyyətli elmi tədbirlərin davamı olan bu konqres, Duzdağın yerli və beynəlxalq səviyyədə elmi əsaslarla tanıdılmasına mühüm töhfə verir. Rektor vurğulayıb ki, tədbirdə səsləndirilən elmi materiallar nəşr edilərək Duzdağın təbii sərvət kimi daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.
Qeyd edib ki, Duzdağ müasir tədqiqatlar üçün unikal təbii laboratoriyadır və burada aparılan araşdırmalar həm region, həm də dünya elmi üçün əhəmiyyətlidir. Rektor duzun müxtəlif sahələrdə tətbiqi ilə bağlı NDU-da həyata keçirilən işlərdən, o cümlədən "Kimya" kafedrasında duzdan sabunlar hazırlanması kimi layihələrdən danışıb.
Elbrus İsayev universitetdə duzun tədqiqinə həsr olunmuş yeni laboratoriyanın qurulmasının nəzərdə tutulduğunu və bunun tədqiqat imkanlarını daha da genişləndirəcəyini bildirib. Həmçinin Duzdağ Müalicə Mərkəzində Duz Muzeyinin yaradılması təşəbbüsünü irəli sürərək duzdan hazırlanan nümunələrin gələcək nəsillərə ötürülməsi baxımından bu addımın vacibliyini diqqətə çatdırıb.
İğdır Universitetinin rektoru, professor Ekrem Gürel çıxışında Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın regional elmin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, iki qardaş ölkənin elm ocaqları arasında bu cür birgə təşəbbüslər gələcək nəsil tədqiqatçıların qarşılıqlı elmi mübadiləsini gücləndirir. Ekrem Gürel əlavə edib ki, Naxçıvan Duzdağının tədqiqi elmi və praktik baxımdan xüsusi önəm daşıyır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Duzdağ Müalicə Mərkəzində son illər aparılan yenilənmə işləri barədə məlumat verib. Bildirib ki, mərkəz rahat infrastrukturun qurulması ilə regionun aparıcı sağlamlıq və turizm məkanlarından birinə çevrilib. Qəzənfər Abdullayev konqresin Duzdağın potensialının daha dərindən öyrənilməsi və gələcək inkişafı üçün mühüm platforma olduğunu vurğulayıb. Qeyd edib ki, Duzdağ Müalicə Mərkəzi təkcə sağlamlığın bərpası üçün deyil, həm də mədəni tədbirlər, elmi tədqiqatlar və maraqlı sosial həyat məkanı kimi fəaliyyətini genişləndirir.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Duzdağın sistemli elmi tədqiqi Naxçıvan elminin prioritet istiqamətlərindəndir. Vurğulayıb ki, beynəlxalq əməkdaşlıq bu sahədə yeni metodların tətbiqinə və daha dəyərli elmi nəticələrin əldə olunmasına imkan yaradır.
Çankırı Karatekin Universitetinin professoru Tamer Keçeli Türkiyədəki duz mağaraları ilə Naxçıvan Duzdağının müqayisəli tədqiqinin vacibliyinə toxunaraq bildirib ki, Naxçıvan Duzdağı ilə Çankırı və Tuzluca duz mağaraları oxşar geoloji quruluşa malikdir. Bu paralelliklərin araşdırılması duz yataqlarının formalaşma mexanizmlərinin daha dərindən öyrənilməsinə şərait yaradır.
AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev təqdimatla çıxış edərək Duzdağın tarixi və müalicəvi əhəmiyyəti barədə danışıb, burada aparılan araşdırmalar haqqında məlumat verib.
Açılış tədbirinin sonunda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən təşkilatçılara hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.
Konqres Naxçıvan Dövlət Universitetində keçirilən bölmə iclasları ilə öz işini davam etdirib. "Duzlu ekosistemlərdə flora və fauna", "Kimya, Biotexnologiya və Tibb", "Ətraf mühit və Davamlı inkişaf", "İqtisadiyyat və Sosial tərəqqi", "Geologiya və Minerologiya", "Etnoqrafiya və Mədəni irs", "Memarlıq və Texnologiya", "Tarix və Arxeologiya" mövzuları ətrafında 3 salon və 5 paneldə üz-üzə və onlayn formatda davam edib. Bölmələrdə 5 ölkədən, 21 elm və təhsil müəssisəsindən olan alimlərin 60-dan çox məruzəsi dinlənilib.