Məleykə Abbaszadə: "Karantin dövründə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb"

Elm və təhsil
  • 29 yanvar, 2021
  • 07:12
Məleykə Abbaszadə: Karantin dövründə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb
Məleykə Abbaszadə

“COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb. Karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb. Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

"11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür.

Məsələn elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”, - o bildirib.