Gülçöhrə Məmmədova: Multidissiplinar və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanması zəruridir
- 21 may, 2026
- 14:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün multidissiplinar və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanması əsas çağırışlardandır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru (AzMİU), professor Gülçöhrə Məmmədova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və tədqiqat" adlı dəyirmi masada deyib.
Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma yalnız fiziki məkanların planlaşdırılması deyil, eyni zamanda, sosial rifahın, ekoloji təhlükəsizliyin, iqtisadi dayanıqlılığın və insan mərkəzli inkişaf modelinin formalaşdırılması deməkdir:
"Bu gün dünyada mənzil siyasəti və urban idarəetmə sahəsində ən mühüm çağırışlardan biri sürətlə dəyişən qlobal reallıqlara cavab verə biləcək çevik, multidissiplinar və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. Universitetimiz bu istiqamətdə təhsil strategiyasını müasir çağırışlara uyğun şəkildə formalaşdıraraq memarlıq, şəhərsalma, inşaat mühəndisliyi, nəqliyyat infrastrukturu, mühəndis kommunikasiya sistemləri, rəqəmsal texnologiyalar və dizayn sahələrində inteqrativ yanaşmaya əsaslanan mütəxəssis hazırlığını həyata keçirir".