Gəncədə “Novruz mühazirəsi” keçirilib
- 06 mart, 2018
- 10:23
Gəncə. 6 mart. REPORT.AZ/ Gəncə şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda növbəti “Novruz mühazirəsi” keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri və Azərbaycanın ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub.
Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.
Təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq bunu tarixi hadisə adlandırıb. Həmin dövrdə xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının strateji hədəflərdən olduğunu qeyd edən nazir müavini xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin - Xalq Maarif Nazirliyinin yaradılmasının, məktəblərin milliləşdirilməsi siyasətinin Cümhuriyyət dövründə həyata keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı bildirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi barədə sərəncamı dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. İcra başçısının müavini əvvəlcə Tiflisdə, daha sonra Gəncə şəhərində fəaliyyətə başlayan Şərqdə ilk parlamentli respublikanın milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını deyib.
Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda mühazirəsini dinləyiblər. Cümhuriyyət qurucularının həyatı, ictimai-siyasi fəaliyyətləri haqqında ətraflı məlumatın yer aldığı mühazirədə qeyd olunub ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və bir çox sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.
Mühazirədən sonra ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, Çökək hamam və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar. Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib.
Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.