Gənc müəllim: "Neçə illərdir arzusunda olduğum məqsədimə çatdım"
- 02 oktyabr, 2019
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Son illər Azərbaycanda müəllim peşəsinə maraq artıb. Bunun nəticəsidir ki, 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Gənc müəllimlər işə qəbul imtahanında yüksək bal toplayırlar.
"Report" 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir neçə gənc müəllimin fikirlərini təqdim edir:
"Neçə illərdir arzusunda olduğum məqsədimə çatdım"
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin müəllimi Süsən Məmmədova 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunda təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə bitirib.

O deyib ki, bu il 4-cü dəfə müəllimlərin işə qəbulu imtahanında (MİQ) iştirak edib: "İlk dəfə 2015-ci ildə 38, 2017-ci ildə 45, 2018-ci ildə isə 46 bal toplamışdım. Bu il öz üzərimdə daha yaxşı işlədim və sistemli oxuyaraq istədiyim nəticəni əldə etdim. Azərbaycan dili və ədəbiyyat fənni üzrə 60 bal topladım. İmtahanda dəfələrlə iştirak etdiyim üçün deyə bilərəm ki, imtahan şəffaf və obyektiv keçirildi. İmtahanların nəticəsi olaraq, Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum. Məktəbdə də yaxşı qarşılandım. Mehriban kollektivimiz var. İlk dərsim çox maraqlı və yaddaqalan keçdi. Neçə illərdir arzusunda olduğum məqsədimə çatdım. Müəllimlik ən şərəfli peşədir. Müəllimlərim mənə işıq olub yol göstəriblər, bu günüm üçün onlara minnətdaram.Mənim üçün müəllimlik gələcəyin cəmiyyətə, dövlətə xeyirli vətəndaşlarını yetişdirmək üçün bir vasitədir".
"Müəllimlik mənim üçün bir dəyərdir"
Astara rayon Telman kənd P.Həsənov adına tam orta məktəbin coğrafiya müəllimi Nəvai Qənbərov 1995- ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 2012- ci ildə kənd məktəbindən məzun olub. Elə həmin il Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya müəllimliyi ixtisasına qəbul olub.

N.Qənbərov bildirib ki, 2018- ci ildə coğrafiya fənni üzrə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 46 bal toplayıb və Ağdam rayonu 40 nömrəli köçkün ümumi orta məktəbinə müəllim təyin olunub: "Müəllimlik sənətinə olan sevgim məni evdən 300 km uzağa getməyə vadar etdi. 2019- cu ildə isə müəllimlərin işə qəbul imtahanında 58 bal toplayaraq Astara rayon Telman kənd P.Həsənov adına tam orta məktəbə coğrafiya müəllimi təyin olundum. İmtahanda uğur qazanan bir gənc kimi deyə bilərəm ki, müəllimlərin işə qəbulu son dərəcə şəffaf və obyektiv həyata keçirilir. Layiq olan uğur qazanır. Müəllim kimi işə başladığım məktəbin kollektivi məni çox gözəl qarşıladı. Şagirdlərimin dəhlizdə bir- birinə pıçıldayaraq "Təzə müəllim nə yaxşı dərs keçir" dediyini eşidirəm. Bu sözləri eşitmək dünyaları mənə verir. İlk dərsim VI sinifdə çox gözəl keçdi, coğrafiya ilə ilk tanışlıqları idi. İndi dərsə girəndə onların gözlərindəki parıltını görürəm. Coğrafiyanı ilk gündən onlara sevdirdim. Müəllimlik mənim üçün təkcə iş deyil. Bəzi işlər var ki, onu qazanc məqsədi ilə görmürsən. Mən öyrətməyi sevirəm. Müəllimlik mənim üçün bir dəyərdir. Mənim həyatda tək məqsədim vətənimə, millətimə layiqli bir müəllim olmaqdır".
"Müəllim üçün ən böyük sevinc şagirdlərinin uğurunu görməkdir"
16 nömrəli Texniki Humanitar Liseyin müəllimi Aida Sadıqova 1991-ci ildə Gürcüstanın Dmanisi şəhərində anadan olub. 2009-2013-cü illərdə BDU-da kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə magistr təhsili alıb.
A.Sadıqova qeyd edib ki, 2015-ci ildə MİQ imtahanında iştirak edərək 54 balla 185 nömrəli məktəbə qəbul olunub: "2017-ci ildə MİQ imtahanında yenidən iştirak edərək 55 balla Kəlbəcər rayon 19 nömrəli məktəbdə fəaliyyətə başladım. Uzaq ərazidə yerləşdiyi üçün 2018-ci ildə eyni balla Laçın rayon Pircahan kənd məktəbinə yerdəyişmə etdim. 2019-cu ildə MİQ imtahanında iştirak etdim və 60 bal toplayaraq Bakı şəhər 16 nömrəli Texniki Humanitar Liseyə qəbul olundum. Müəllimlərin işə qəbulu imtahanı biz gənclər üçün mühüm əhəmiyyət daşıyır, bu imtahan sayəsində öz bilik və bacarıqları ilə uğur qazanan müəllimlər işlə təmin olunur.

Qəbul olduğum 16 nömrəli Texniki Humaniar Liseyin kollektivi, şagirdlər, bir sözlə, ünsiyyətdə olacağım insanlar məni səmimi qarşıladı. Sentyabrın 16-da ilk dərsim X a sinfində Nazirliyin müvafiq əmrinə uyğun olaraq "Azərbaycan inkişaf yollarında" mövzusuna həsr olunmuşdu. Dialoq zamanı şagirdlərin azad düşüncəli olduqlarını, öz düşüncələrini aydın şəkildə ifadə etmələrinin şahidi oldum və onların müxtəlif sahələrdə ölkəmizin inkişafı ilə bağlı təkliflərini eşitdim.
İnsan həyatında vacib amillərdən biri ona güvən verəcək, onu dəyərli hiss etdirəcək, hər zaman yanında olub, sadəcə onu dinləyərək, danlamadan ona doğrunu anladacaq, stimul verərək onun potensialını üzə çıxara biləcək, özünü anlamağını və kəşfinə yardımçı ola biləcək, bir sözlə, həyatında, inkişafında, formalaşmasında rolu olacaq insanların olmasıdır.
Kiminsə həyatında bu rolu oynaya bilirsənsə, deməli, sən o insan üçün artıq müəllimsən. Müəllimlik istiqamət verməkdir. Tədris etdiyi fəndən asılı olmayaraq müəllimin əsas məsulliyyəti mükəmməl insan formalaşdırmaq, şagirdlərinin potensialını üzə çıxarmaq və motivə etməkdir. Müəllim üçün ən böyük sevinc şagirdlərinin uğurunu görməkdir".