Emin Əmrullayev: Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır

Elm və təhsil
  • 16 dekabr, 2025
  • 11:10
Emin Əmrullayev: Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır

Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, istər idarəetmə, istərsə də maliyyə baxımından qəbul olunan tələbələrin sayını artırırıqsa, amma bu artımı keyfiyyətlə müşayiət etmiriksə, nəticədə təhsil səviyyəsi aşağı düşür:

"Bu da uzunmüddətli perspektivdə universitetlərin və ümumilikdə təhsil sisteminin inkişafına mənfi təsir göstərir. Odur ki, məqsəd tələbə sayını süni şəkildə artırmaq yox, əksinə, qəbul planını optimallaşdırmaq, tələbə sayını müəyyən qədər azaltmaqla hər bir tələbəyə düşən resursu və diqqəti artırmaq olmalıdır. Bu yanaşma nəticəsində daha keyfiyyətli, hazırlıqlı və motivasiyalı tələbələrlə işləmək mümkün olar".

E.Əmrullayev əlavə edib ki, bununla əlaqəli qısamüddətli hədəflər deyil, uzunmüddətli strategiya olmalıdır. İstəyimiz odur ki, ali təhsillə elm arasında daha çox əlaqə yaradaq. Bu istiqamətdə əsaslı şəkildə kəmiyyət artımı ilə yanaşı keyfiyyət artımı da var".

O həmçinin vurğulayıb ki, bu məsələ bütün dünyada eyni formada həll olunmur:

"Müxtəlif ölkələrdə, hətta eyni ölkə daxilində belə universitetlərin imkanları və strategiyaları fərqlidir. Bəzi universitetlər kütləvi təhsilə üstünlük verir, digərləri isə daha seçici olub keyfiyyətə fokuslanır. Bu da hər bir ali təhsil müəssisəsinin verdiyi strateji qərardan asılıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti