Emin Əmrullayev: Azərbaycan və Özbəkistanın təhsil sahəsində çox yaxşı təcrübə mübadiləsi var

Elm və təhsil
  • 16 oktyabr, 2026
  • 11:23
Emin Əmrullayev: Azərbaycan və Özbəkistanın təhsil sahəsində çox yaxşı təcrübə mübadiləsi var

Azərbaycan və Özbəkistanın təhsil sistemi sahəsində çox yaxşı təcrübə mübadiləsi var.

"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir Azərbaycan və Özbəkistan universitetləri arasında akademik əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb:

"Qeyd etmək istərdim ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda ilk layihə, ilk hədiyyə məhz Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində 20 nömrəli Mirzə Uluqbəy adına 1 nömrəli məktəb olub. Mən həmçinin xüsusi vurğulamaq istərdim ki, Azərbaycan və Özbəkistan arasında, təbii ki, uzun illər ərzində formalaşmış ortaq mədəni, tarixi bir irs var. Təhsil işçiləri olaraq bizim qarşımızda duran əsas missiya bu dostluğu, bu qardaşlığı təhsil vasitəsilə növbəti nəsillərə ötürməkdən ibarətdir".

E.Əmrullayev bildirib ki, hazırda 150-dən artıq Özbəkistan vətəndaşı Azərbaycanda təhsil alır:

"Bu yaxşı rəqəmdir, ona görə ki, bir neçə il əvvəl bu rəqəm təxminən üç-dörd dəfə az idi. Bu gün Qarabağ Universitetində təhsil alan 10 xarici tələbədən 1-i Özbəkistan vətəndaşıdır. Bu da bizi çox sevindirir, çünki məhz qardaş Özbəkistandan olan tələbələrin Qarabağa gəlməsi olduqca vacibdir".

Nazir, həmçinin qeyd edib ki, bu gün Özbəkistanda 300-ə yaxın azərbaycanlı tələbə təhsil alır:

"Bu sayıların artırılması hər iki tərəf üçün faydalıdır və inanıram ki, biz bundan sonra da tələbə mübadiləsinə fokuslanacağıq. Məcbur deyil ki, tələbələr uzunmüddətli, yəni dərəcə proqramları üzrə təhsil alsınlar. Ola bilər ki, bu, altıaylıq, üçaylıq proqramlar çərçivəsində baş tutsun. Çünki işin mahiyyəti daha çox Azərbaycanda Özbəkistanı, Özbəkistanda Azərbaycanı tanımaqdır".

E.Əmrullayev əlavə edib ki, ikinci istiqamət - həm Özbəkistan, həm də Azərbaycanda ali təhsil müəssisələrinin çox ciddi ehtiyac duyduğu məsələ - tədqiqatlardır. Üçüncü istiqamət isə innovasiya və startaplar mövzusudur.

44 - Tezliklə