Əməkdar müəllim: Süni intellekt müəllimi əvəz edə bilməz- MÜSAHİBƏ

Elm və təhsil
  • 05 oktyabr, 2026
  • 10:44
Əməkdar müəllim: Süni intellekt müəllimi əvəz edə bilməz- MÜSAHİBƏ

Bu gün - 5 oktyabr dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Bu münasibətlə 246 nömrəli məktəb-liseydə fəaliyyət göstərən əməkdar müəllim, ibtidai sinif müəlliməsi Sevda Namazova "Report"a müsahibəsində müasir dövrdə müəllimin üzərinə düşən məsuliyyətdən, şagirdlərlə münasibətdən, dəyişən təhsil mühitindən və müəllimlik peşəsinin illər ərzində qazandırdığı təcrübədən danışıb.

Tənəffüsə 5 dəqiqə qalmış məktəbə çatırıq. Dərs saatının bitməsini gözləyirik. Zəng çalınır, şagirdlər dəhlizə yayılır. Müsahibimiz isə qızların saçını, oğlanların köynəyini səliqəyə salır...

Sevda Namazova ilə söhbətə elə sinif otağında başlayırıq.

- Müəllimliyə başladığınız ilk günü necə xatırlayırsınız?

- O günü heç vaxt unutmuram. 1996-cı il sentyabrın 1-i müəllim kimi fəaliyyətə başladığım ilk gün idi. Məktəbin həyətində uşaqları sıraya düzüb sinfə apardım. Uşaqlardan bir neçəsi anaları üçün ağlayırdı. Açığı, nə edəcəyimi bilmirdim. Ağlayan uşaqları maraqlı oyuncaqlarla sakitləşdirdim, onlarla bir-bir tanış oldum. Kitabları paylayıb müxtəlif suallarla onları fəallaşdırmağa çalışdım. Dərsin sonunda uşaqları yenidən sıraya düzüb valideynlərinin yanına apardım. Lakin valideynlərlə nə danışacağımı, necə ünsiyyət quracağımı bilmirdim. Hər uşaq haqqında qısa məlumat verib sağollaşdım.

Elə həmin gündən etibarən, demək olar ki, hər gün səhərki dərsimə əvvəlcədən hazırlaşmağa başladım. Evdə saatlarla rəngli kağızlardan müxtəlif əyani vəsaitlər hazırlayırdım. O vaxtdan bu günə qədər müəllimlik mənim üçün sadəcə bir peşə deyil, hər gün öyrənməyi və öz üzərində işləməyi tələb edən bir yol olub.

- Müəllimlik fəaliyyətinizdə "seçimimi düz etmişəm" dediyiniz ən yaddaqalan an hansı olub?

- 30 illik fəaliyyətim dövründə bu cümləni tez-tez işlətmişəm. Çünki öz peşəmi də, şagirdlərimi də çox sevirəm. Şagirdlərimin valideynləri ilə əl-ələ verib uşaqların təlim-tərbiyəsinə töhfə vermək mənə xüsusi zövq verir. Ən gözəl hiss isə tətildən qayıdan şagirdlərimin məni görən kimi sevinməsidir. Onların gözlərindəki sevinc, mənə olan münasibətləri, görüşərkən göstərdikləri səmimiyyət mənim üçün böyük xoşbəxtlikdir. Belə anlarda bir daha düşünürəm ki, həqiqətən də, "nə yaxşı ki, bu peşəni seçmişəm".

- Həmişə müəllim şagirdi öyrədir, amma şagird də müəllimə nəsə qazandıra bilir. Həyatınızda belə bir təcrübə olubmu?

- Şagirdlərim mənə səbirli olmağı və hər bir uşağa yanaşmaq üçün yeni yollar axtarmağı öyrədiblər. Xüsusilə də ən çətin şagirdlərlə işləyərkən bəzən yorulur və öz-özümə düşünürəm ki, görəsən, boşuna əmək sərf edirəm?! Lakin bir az da səbir edib, fərqli yanaşmalar sınayanda görürsən ki, yavaş-yavaş nəticə əldə edirsən. Bəzən çox kiçik bir irəliləyiş belə müəllim üçün böyük uğurdur. Şagirdin əvvəl bacarmadığı bir şeyi sonradan etməsi, davranışında və ya dərsə münasibətində müsbət dəyişiklik görmək insana göstərir ki, çəkdiyin zəhmət heç də boşa getməyib.

- Pedaqoji fəaliyyətinizdə yaddaşınızda ən çox qalan şagird hekayəsi hansıdır?

- Bir neçə il əvvəl birinci sinfə gələn şagirdlərimə təxminən bir aydan çox idi ki, dərs deyirdim. Bir səhər məktəbə gələndə eşitdim ki, şagirdlərimdən biri ehtiyatsızlıqdan yıxılıb və vəziyyəti ağır olduğuna görə əməliyyata götürülüb. Əməliyyatdan bir neçə gün sonra uşaq özünə gələndə yaddaşını və nitqini yoxlamaq üçün həkim ona suallar verib, deyib "kimi görmək istəyirsən?". Uşaq ata-anası ilə yanaşı, məni də görmək istəyib. Təbii ki, həmin müddətdə valideynləri ilə tez-tez əlaqə saxlayır, uşağın vəziyyəti ilə maraqlanırdım. Bu söhbəti eşidəndə xəstəxanaya gedib onunla görüşdüm. Məni görən kimi çox sevindi və gülümsədi. Həmin an mənim üçün çox təsirli idi. Çünki müəllim üçün şagirdinin qəlbində belə bir yerinin olduğunu hiss etmək sözlə ifadə olunmayacaq qədər böyük xoşbəxtlikdir.

- Müasir uşaqlarla işləməyin ən çətin tərəfi nədir?

- Əvvəllər şagird müəllimdən əsasən bilik və düzgün istiqamət gözləyirdi. Bu gün isə gözləntilər bir qədər fərqlidir. Müasir şagird müəllimdən yalnız bilik verməsini deyil, onu dinləməsini, anlamasını, fərdi yanaşmasını və öyrənməyə motivasiya etməsini də gözləyir. Bu uşaqlar daha çox informasiya ilə əhatə olunublar və buna görə də onların dünyagörüşü, maraqları, öyrənmə tərzi əvvəlki nəsildən müəyyən qədər fərqlənir. Məncə, ən çətin tərəf uşaqların diqqətini cəlb etmək və onları öyrənməyə həvəsləndirməkdir. Onların diqqətini cəmləmək bəzən çətin olur. Buna görə müəllimdən səbirli, çevik olmaq, hər bir uşağa fərdi yanaşmaq və müasir təlim metodlarından istifadə etmək tələb olunur.

Düşünürəm ki, bu gün müəllim təkcə dərs deyən insan deyil, həm də uşağın marağını oyadan, onu dinləyən və öyrənməyə həvəsləndirən şəxs olmalıdır.

- Bəs dünənki müəllimlə bugünkü müəllim arasında nə dəyişib?

- O vaxtın müəllimi yalnız öyrədirdi. Amma indiki müəllimlərin üzərinə o qədər böyük və çətin məsuliyyət düşür ki... Həm öyrətməliyik, həm də uşaqların diqqətini cəlb etməliyik. Çünki uşaqlar bizdən diqqət tələb edirlər. Həmçinin valideynlərin də gözləntilərini doğrultmalıyıq. Müasir dövrdə - uşaqların telefona, internetə böyük marağının olduğu bir zamanda müəllimlik işi daha da çətinləşib.

Mən hərdən deyirəm ki, bəlkə də, uşaqlarla işləmək daha asandır, nəinki valideynlərlə. Çünki valideynlərin gözləntiləri daha çoxdur. Hər bir valideynə uşağı haqqında məlumat vermək, onun inkişafı və davranışı barədə danışmaq da müəllimin məsuliyyətidir.

Uşaqların hər biri fərqli ailədən gəlir, müxtəlif xasiyyətə, müxtəlif dünyagörüşə və fərqli mühitə malik olur. Onların hamısını bir yerə toplamaq, diqqətlərini və fikirlərini eyni istiqamətə yönəltmək çox çətin məsələdir. Mənə elə gəlir ki, əvvəlki dövrlə müqayisədə bu gün həm müəllimlərin, həm də valideynlərin qarşısında daha çox məsuliyyət var.

- Bu gün şagird bir çox məlumatı müəllimdən əvvəl internetdən, süni intellektdən əldə edə bilir.

- Bəli, müasir dövrdə şagirdlər bir çox məlumatı artıq müxtəlif mənbələrdən, o cümlədən internetdən, süni intellektdən əldə edə bilirlər. Belə bir şəraitdə müəllimin əsas işi artıq yalnız məlumat vermək deyil. Müəllim şagirdə düzgün və etibarlı məlumatı seçməyi, onu təhlil etməyi, müxtəlif məlumatları müqayisə etməyi və əldə etdiyi bilikləri təcrübədə tətbiq etməyi öyrətməlidir. Eyni zamanda, şagirdlərdə müstəqil düşünmə, araşdırma və yaradıcılıq bacarıqlarının formalaşmasında müəllimin rolu böyükdür.

İnternet, süni intellekt məlumat almaq üçün mühüm vasitələrdir. Müəllim isə həmin məlumatdan düzgün istifadə etməyə istiqamət verən, şagirdin düşünmə və öyrənmə prosesini dəstəkləyən insandır. Məncə, texnologiya müəllimi əvəz etmir, əksinə, müəllimin işində yeni imkanlar yaradır.

- Süni intellekt müəllimin işini asanlaşdırır, yoxsa müəyyən mənada müəllimin rolunu təhlükə altına qoyur?

- Süni intellekt müəllimin işini asanlaşdıran və ona əlavə imkanlar yaradan bir vasitədir. Amma düşünürəm ki, müəllimi əvəz edə bilməz. Çünki müəllim yalnız bilik vermir, həm də uşağı tanıyır, onun xarakterini və ehtiyaclarını anlayır, motivasiya edir, emosional dəstək göstərir və tərbiyə prosesində iştirak edir. Müəllimin işi yalnız dərslə də məhdudlaşmır. Dərsdən sonra valideynlərlə uşağın davranışı, dərsə münasibəti və məsuliyyəti barədə müzakirələr aparır, lazım gəldikdə valideynlərlə birlikdə uşağın inkişafı üçün müəyyən yollar axtarır. Süni intellekt bu prosesdə müəllimə kömək edə bilər, amma uşağın qarşısında dayanıb onu hiss etmək, dinləmək və fərdi yanaşma göstərmək müəllimin roludur.

- ⁠Gələcəyin müəllimi hansı bacarıqlara malik olmalıdır?

- Məncə, gələcəyin müəllimi, ilk növbədə, texnologiyadan düzgün və səmərəli istifadə etməyi bacarmalıdır. Bununla yanaşı, yaradıcı və tənqidi düşünmə, şagirdlərlə düzgün ünsiyyət qurmaq və hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq da vacib bacarıqlardır. Müasir müəllim daim yenilənməli, yeni biliklər öyrənməli və dəyişən dünyaya uyğunlaşmalıdır. Ən əsası isə öyrənməyə daim açıq olmalı, səbirli və çevik davranmalıdır. Çünki hər bir uşağın öyrənmə sürəti, marağı və dünyagörüşü fərqlidir. Müəllim bütün bu fərqlilikləri nəzərə alaraq hər bir şagirdə uyğun yanaşma tapmağı bacarmalıdır.

Bir şey də deyim, mən müəllimlərin sosial şəbəkələrdə çox olmağının tərəfdarı deyiləm. Məsələn, bəzi müəllimlər özlərini, keçdiklərini və sinifdən videolar paylaşırlar. Düşünürəm bəs onlar dərsi nə vaxt keçirlər? Mən çatdırmıram. Mövzunun çətinliyindən uşaqlara mənimsətməyə vaxt çatdırmıram. 45 dəqiqə nədir ki? Bəzən 45 dəqiqə heç nəyə çatmır. Sinifdə mövzunu oxuyub, izah edə-edə, uşaqların başa düşməsini gözləyə-gözləyə vaxt gedir. Çünki hamı eyni cür mənimsəmir.

- Blogerlik edən müəllimləri nəzərdə tutursunuz?

- Bəli, onları deyirəm. Mən başa düşmürəm, onlar necə vaxt çatdırır. Həm video çəkir, həm də dərs deyirlər. Şagirdlər həmin müəllimi sevirlər. Sevəcəklər də. Mən də şagirdlərimə desəm ki, uşaqlar, dərsi qoyun kənara, video çəkək, onlar, əlbəttə, sevinəcəklər.

- Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, çox insan oxuduğunu anlamır. Sizcə, niyə? Nədə səhv edilir?

- Bəli, bu, uşaqlar arasında müşahidə olunan əsas problemlərdən biridir. Məncə, bunun bir neçə səbəbi var. İlk növbədə, mətnlərin uşağın yaşına və səviyyəsinə uyğun seçilməməsi oxuduğunu anlama prosesini çətinləşdirə bilər. Çox mürəkkəb mətn uşağı yorur və onun oxuya marağını azaldır. Digər səbəb söz ehtiyatının məhdud olmasıdır. Uşaq mətndəki sözləri oxuyur, amma onların mənasını tam başa düşmədikdə ümumi məzmunu qavramaqda çətinlik çəkir.

Bəzən problem mətnin özündən çox, suallarla bağlı olur. Şagird mətni müəyyən qədər başa düşsə də, sualın ondan nə tələb etdiyini düzgün anlamaya bilər. Sualların bir-birinə çox bənzəməsi, mətndə cümlələrin həddindən artıq qəliz olması da çətinlik yaradır. Bundan başqa, uşaqların bəzən düşünərək, özünə suallar verərək oxumaması da əsas səbəblərdən biridir. Bu problemin aradan qaldırılmasında müəllimin üzərinə böyük məsuliyyət düşür. Məncə, ilk növbədə, uşaqlara sadəcə oxumağı deyil, düşünərək oxumağı öyrətmək lazımdır. Oxuduğu mətnlə bağlı "bu nə deməkdir?", "müəllif nəyi nəzərdə tutur?", "mən bu fikirlə razıyam, yoxsa yox?" kimi suallar verməyə alışan uşaq tədricən oxuduğunu daha yaxşı anlamağa başlayır.

- Bu gün təhsil sistemində sizi ən çox düşündürən problem nədir?

- Bu gün məni düşündürən və narahat edən məsələlərdən biri bəzi dərsliklərdəki mətnlərin uşaqların yaş və inkişaf səviyyəsinə tam uyğun olmaması, eləcə də bəzi tapşırıqların ibtidai sinif şagirdləri üçün həddindən artıq çətin olmasıdır.

Məncə, ibtidai sinif şagirdlərinə daha sadə, onların gündəlik həyatı ilə əlaqəli mətnlər, nağıllar və təmsillər təqdim olunsa, bu, onların həm oxuya marağını artırar, həm də oxuduqlarını daha yaxşı anlamalarına kömək edər. Eyni zamanda, dərslərdə uşaqlarda daha çox həyati bacarıqların formalaşdırılmasına diqqət yetirmək vacibdir. Çünki yüksək qiymətlər və yaxşı dərs nəticələri hər zaman uşağın real həyatda qarşılaşdığı vəziyyətlərin öhdəsindən gələ bilməsi demək deyil. Bəzən dərslərində yaxşı nəticə göstərən şagird gündəlik həyatda çətin bir vəziyyətlə qarşılaşanda özünü itirə bilir. Ona görə də, düşünürəm ki, təhsil uşağa yalnız bilik verməklə kifayətlənməməli, onu real həyata da hazırlamalıdır. Digər məsələ müəllimlərin yazı-pozu işinin çoxluğu ilə bağlıdır. Əgər bu sənədləşmə və texniki işlərin bir hissəsi avtomatlaşdırılsa, biz müəllimlər əsas işimizə – uşaqlarla işləməyə, dərsə və təhsilə daha çox vaxt ayıra bilərik.

- Müəllimlərin cəmiyyətdəki nüfuzu əvvəlki illərlə müqayisədə necə dəyişib?

- Müəllimə hörmət, ilk növbədə, ailədən başlayır. Uşaq müəllimini sevirsə, ona hörmət edirsə və məktəbə həvəslə gedirsə, burada valideynin münasibətinin də böyük rolu var. Valideynin müəllimə münasibəti birbaşa uşağın müəllimə baxışına təsir edir. Müəllimin cəmiyyətdəki nüfuzunun qorunması və daha da möhkəmlənməsi üçün məktəb, ailə və cəmiyyət arasında sağlam əməkdaşlıq olmalıdır. Valideyn müəllimə hörmət etdikdə və onun əməyini qiymətləndirdikdə bu münasibət uşağa da ötürülür. Düşünürəm ki, müəllimə verilən dəyər əslində təhsilə və uşağın gələcəyinə verilən dəyərdir.

- "Kaş bunu başqa cür edərdim" dediyiniz məqam olub?

- Təbii ki, belə məqamlar olub. Dərs prosesində istifadə etdiyim üsul istədiyim nəticəni verməyəndə, şagirdlərin mövzunu daha yaxşı anlaması üçün yeni metodlar axtarıb sınayıram. İstədiyim nəticəni əldə edəndə düşünürəm ki, kaş əvvəldən bunu başqa cür edərdim.

Bəzən isə məsələ dərsin özündən deyil, şagirdin daxili dünyasından qaynaqlanır. Ola bilər ki, uşağın ailəsində müəyyən problemlər olsun və o, daxilən narahatlıq keçirsin. Mən bunu bilmədən onu daha fəal olmağa, dərsdə daha çox iştirak etməyə məcbur edə bilərəm. Sonradan uşağın yaşadığı vəziyyətdən xəbər tutanda düşünürəm ki, kaş başqa cür edərdim. Çünki bəzən uşağın həmin anda dərsdən çox qayğıya, anlayışa və dəstəyə ehtiyacı olur. Müəllimlik mənə öyrədib ki, hər uşağın görünən davranışının arxasında bir səbəb ola bilər. Ona görə də uşağı qiymətləndirməzdən əvvəl onu anlamağa çalışmaq lazımdır.

- Müəllim insanın həyatında nə vaxt iz qoyduğunu anlayır?

- Çox vaxt müəllim bunu dərhal anlamır. Bəzən illər keçir və keçmiş şagirdin bir sözü, əldə etdiyi uğur və ya vaxtilə müəllimin verdiyi bir məsləhəti xatırlaması göstərir ki, həmin müəllim onun həyatında iz qoyub.

Məncə, müəllim üçün ən böyük xoşbəxtliklərdən biri də illər sonra keçmiş şagirdinin qarşısına çıxıb "müəllim, sizin vaxtilə dediyiniz bir söz mənə çox kömək oldu" deməsidir. O zaman anlayırsan ki, illər əvvəl dediyin və bəlkə də özün üçün adi görünən bir söz uşağın həyatında böyük əhəmiyyət daşıyıb.

- Keçmiş şagirdlərinizə hansı sözləri demək istərdiniz?"

- Əzizlərim, necə ki, birinci sinfə qədəm qoyduğunuz ilk gündə sizə Vətəni, torpağı sevməyi, milli dəyərlərimizə hörmətlə yanaşmağı tövsiyə etmişdim, bu gün də həmin fikirləri sizə təkrar etmək istəyirəm. Ana dilimizin gözəlliyini qoruyun, ona hörmətlə yanaşın. Hansı peşəni seçirsinizsə, həmin sahənin savadlı və peşəkar mütəxəssisi olmağa çalışın. Həyatda daim öyrənin, öz üzərinizdə işləyin və yaxşı insan olmağı unutmayın. Qoy illər sonra valideynləriniz də, mən də sizə baxıb fəxr edək. Sizin uğurlarınız bizim üçün ən böyük sevincdir.

Report İnformasiya Agentliyinin kollektivi bütün müəllimləri təbrik edir və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır!

44 - Tezliklə