Direktor: Bəzi universitetlər arasındakı əlaqələr rəsmiləşdiriləcək

Elm və təhsil
  • 24 sentyabr, 2025
  • 12:25
Direktor: Bəzi universitetlər arasındakı əlaqələr rəsmiləşdiriləcək
Ülkər Səttarova

Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində bəzi universitetlər arasındakı əlaqələr rəsmiləşdiriləcək.

"Report" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu platforma çərçivəsində universitetlər arasında əlaqə yaranır:

"Bəzi əlaqələr bu tədbir vasitəsi ilə rəsmiləşdiriləcək. Belə tədbirlər Azərbaycan universitetləri üçün yeni imkanlar yaratmağa görə təşkil olunur. Həm universitet rəhbərliyi, həm də digər əməkdaşlar burada əlaqələrini genişləndirirlər. Bu əlaqələr vasitəsilə birgə elmi məqalələr, həm də elmi layihələr gəlir. Həmçinin əcnəbi tələbə və müəllim axınına səbəb olacaq".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə keçirilən iki günlük sammit bu il "Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru" mövzusuna həsr olunub.

Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti