Bəzi ölkələr Azərbaycanda peşə təhsili sahəsində görülən işləri yüksək qiymətləndiriblər
- 13 mart, 2018
- 19:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 13 mart. REPORT.AZ/ "Azərbaycanda peşə təhsilinə göstərilən dəstək bəzi ölkələr üçün nümunədir. Düşünürük ki, bu barədə Azərbaycanın təcrübəsini öyrənmək lazımdır".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Almaniyanın İqtisadiyyat Tədrisi İnstitutunun təşəbbüsü ilə Tbilisidə keçirilən beynəlxalq konfransda Almaniya, Latviya və Gürcüstandan olan mütəxəssislər söyləyiblər.
"Peşə təhsilində təcrübə" mövzusunda təşkil olunan konfransda Almaniya, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Ukrayna və Latviyadan olan nümayəndələr iştirak ediblər.
Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov tədbirdə çıxış edərək ölkəmizdə peşə təhsilinin təşkili, dövlətin bu sahəyə dəstəyi barədə ətraflı məlumat verib. Bildirib ki, "Cənubi Qafqaz ölkələrində peşə təhsilinə dəstək" layihəsi üç ildir ki, Azərbaycanda uğurla həyata keçirilir. Ölkəmizdə peşə təhsili ilə əlaqədar xüsusi qanun qəbul edilib, Təhsil Nazirliyində Məşğulluq Şurası yaradılıb, sahibkarlıq barədə düşüncə və təfəkkürünün inkişafı ilə əlaqədar xeyli işlər görülüb.
Gənclərin sahibkarlığa marağının artırılması üçün müxtəlif elmi metodlar hazırlanıb, kitab və digər məlumat açıqcaları nəşr etdirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri - Sədaqət Qəmbərova və Nurlan Quliyev konfransda təqdimatla çıxış edib, ölkəmizdə peşə təhsilinin təşkili və regional inkişafa təsiri barədə layihələr barədə məlumat veriblər.
Gürcüstan, Almaniya, Latviya və Qazaxıstandan olan nümayəndələr "İş yeri axtarma, iş yeri yarat" şüarı altında Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər.
Gürcüstan tərəfi yaxın aylarda nümayəndə heyətlərinin Azərbaycana səfər edəcəklərini bildirib.
Məlumat üçün qeyd edək ki, konfrans çərçivəsində sərgi də təşkil olunub. Azərbaycan guşəsi maraqla qarşılanıb