Azərbaycanlı alim dabaq xəstəliyinin süni peyvəndini tapıb - MÜSAHİBƏ
- 13 aprel, 2020
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanlı alim, professor, doktor Mamed Mustafayev həyat yoldaşı, kimya elmləri doktoru Zeynəb Mustafayeva ilə birgə İstanbul Yıldız Texniki Universitetində (YTÜ) nəinki Türkiyədə, hətta dünyada ən müasir cihazlarla təmin edilmiş biomühəndislik fakültəsini yaradıb və bir çox elmi kəşflərə imza atıb. Qızları Nigar Səmədova “Report”un Türkiyə bürosuna bununla bağlı müsahibə verib.
- Əvvəlcə valideynləriniz haqqında məlumat verərdiniz...
- Atam və anam orta məktəbi qızıl medalla bitirib. Anam Bakı Dövlət Universiteti, atam isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsindən qırmızı diplomla məzun olublar.
Atam daha sonra Rusiya Səhiyyə Nazirliyinin Biofizika İnstitutunda işləməyə başlayıb. O, “Kimya təbabətdə, kimya biologiyada” mövzusunda yeni peyvəndlərin yaradılması istiqamətində elmi araşdırmalar aparırdı. Nəticədə yeni bir elm sahəsinin - “Kimyəvi immunalogiyanın” əsasını qoydular. Eyni zamanda atamı peyvəndlərlə bağlı araşdırmalarının sonucu olaraq İmmunalogiya İnstitutunun labaratoriya müdiri vəzifəsinə təyin etdilər. Anam isə həmin vaxtlar Ümumi Yüksək İstilik İnstitutunda (JIHT) baş elmi işçiydi.
Valideynlərim bir müddət Rusiyada işlədikdən sonra 1990-cı illərdə Bakı Dövlət Univeristetinin dəvəti ilə Azərbaycana qayıtdılar. Əslində, onlar elmi fəaliyyətlərini ilk gündən vətənlərində davam etdirmək istəyirdilər, ancaq həmin vaxtlar Bakıda vəziyyət çox çətin idi. Azərbaycanda keçid dövrü idi, iqtisadi və siyasi vəziyyət elmə lazımi vəsait ayrılmasına, tədqiqatlar aparılmasına imkan vermirdi. Atam 1990-1993-cü illərdə Bakı Dövlət Universitetinin Orqanik kimya kafedrasının müdiri olub. Eyni zamanda Süni antigenlər və peyvəndlər laboratoriyasını yaradıb və ona rəhbərlik edib. Atam deyirdi ki, Moskvadan Bakıya böyük bir elm gətirib və ən böyük uğuru da Azərbaycan elminə faydalı olub Rusiyada qazandığı elmi bilikləri ölkəmizdə tətbiq etməkdir.
Valideynlərim 1995-ci ildə Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) Genetika Mühəndisliyi İnstitutunda işləməyə başladılar. Atam 2002-ci ildə Kimyəvi immunologiya laboratoriyasını yaratdı. Onlar kimyəvi metodla, yəni sintetik polimerlərdən istifadə etməklə yeni peyvəndlər hazırlamaq üçün ciddi araşdırmalar aparırdılar. Nəticədə iribuynuzlu heyvanlarda istifadəyə imkan verən peyvənd kəşf edildi. Əslində, mal-qarada geniş yayılmış dabaq, brüsselyoz, quduzluq, hepatit kimi xəstəliklərə qarşı peyvəndlərin tətbiqi elmdə yenilik idi. Atamın rəhbərlik etdiyi tədqiqat qrupunda Türkiyə, Rusiya və Ukraynadan mütəxəssislər var idi. Atam Türkiyədə fəaliyyətini davam etdirsə də, Rusiyadakı alimlərlə münasibətləri qalırdı. Türkiyədə fəaliyyət göstərdikləri müddət ərzində valideynlərim hazırda dünyanın ən qabaqcıl laboratoriyalarında işləyən yüzlərlə tələbə yetişdirdilər. Onların hər ikisi də sadəcə işlə nəfəs alırdılar.
- Səhv etmirəmsə, İstanbul Yıldız Texniki Universitetinin (YTÜ) Biomühəndislik fakültəsini də valideynləriniz yaradıblar...
- Bəli, atam və anam hər işlədiyi yerdə yeni laboratoriyalar, yeni fakültələr yaratdı. Təəssüflər olsun ki, onların elmə verdiyi töhfələrdən çoxları məlumatsızdır.
Xatirimdədir, onlar həmin ali təhsil müəssisəsində labaratoriyanın qurulması üçün dayanmadan işləyirdilər. Biz evdə yalnız elmi müzakirələri dinləyərək böyüyürdük. Əslində, bu gün dünyanın ən çox mənim valideyinlərimə ehtiyacı var desəm yalan olmaz. Çünki koronavirusa qarşı peyvənd hazırlansa, vaksin məhz valideynlərimin imza atdığı elmin uğuru hesab olunacaq.
Bildiyiniz kimi, biomühəndislik çox fərqli bir elm sahəsidir. Çünki kimyaçılar, bioloqlar, təbiblər, fiziklərin hamısı bir yerdə çalışırlar. Nəhayət, valideynlərim Dövlət Planlama Təşkilatı (DPT), TUBİTAK və Yıldız Texniki Universiteti Araşdırma Fondunun dəstəyi ilə biomühəndislik fakültəsini yaratdılar. Onların layihəsinə 7 trilyon lirə ayrıldı və həmin vəsaitlə müasir laboratoriyalar qurdular. Bu iş valideynlərimin, təxminən, 5 ilini aldı, 2002-ci ildə başladıqları layihə 2007-ci ildə yekunlaşdı. Atam Yıldız Texniki Universitetinin Biomühəndislik fakültəsinin qurucusu və müdiri oldu. Atam yeni elmi tədqiqatlarını qurduğu laboratoriyalarda aparmağı çox istəyirdi, ancaq xəstəliyi ona imkan vermədi.
- Bildiyimizə görə, atanız vəfatından öncə bir çox ölümcül xəstəliklərə qarşı tətbiqi nəzərdə tutulan süni peyvəndlər üzərində işləyirdi. Bəs hansı nəticələri əldə edə bilmişdi?
- Mamed Mustafayev polimerlər əsasında sintetik peyvəndlərin hazırlanması metodunun əsasını qoyub. Atamın həmin illərdə qəzetlərdə dərc olunan çoxsaylı müsahibəsini saxlayırıq. O, iribuynuzlu heyvanlarda geniş yayılmış dabaq xəstəliyinin müalicəsində tətbiq olunacaq süni peyvəndi hazırlayıb və istehsalını başlatmışdı. Eyni zamanda Türkiyədə bir çox ilklərə imza ataraq süni peyvəndlərlə brüsselyoz, quduzluq və hepatit xəstəliklərinin müalicəsinin olduğunu ortaya çıxardı. Dabaq xəstəliyi üçün hazırlanan süni peyvənd siçan, dovşan və meymun üzərində uğurla sınaqdan keçirildi. Bundan sonra vaksini iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı istifadə etməyə başladılar.
Təsəvvür edin, həmin illərdə Türkiyə və dünya mətbuatı “Azərbaycanlı alimin böyük kəşfi” başlıqlı məqalələr dərc edir və atamdan müsahibələr alırdılar. İngiltərə, Hindistan, Fransa və Rusiyada alimlər atamın araşdırmalarını təqib edir və onunla əlaqə yaratmağa çalışırdılar. O, qrip, xərçəng və QİÇS kimi ölümcül xəstəliklərin qarşısının alınmasında tətbiq olunacaq süni peyvəndlər hazırlamaq üçün araşdırmalarını davam etdirirdi. Hətta məqalələrindən birində süni peyvəndin xərçəng xəstəliyinin müalicəsində tətbiqi üçün sona yaxınlaşdıqlarını yazmışdı. Əgər ömrü vəfa etsəydi, atam xərçəng xəstəliyinin müalicəsini tapacaqdı. Ancaq təəssüflər olsun ki, 2007-ci ildə həyat və yaradıcılığının ən məhsuldar dövründə ağciyər xərçəngindən dünyasını dəyişdi. Elə anam da xərçəng xəstəliyindən vəfat edib. Fikrimcə, onların hər ikisi kimyaçı olduqlarından və laborator şəraitdə işlədiklərindən xərçəng oldular.
Yaxşı xatirimdədir, atam Rusiyada Çernobıldan gələn nümunələrlə işləyirdi. Onun müəllimi, professor, doktor Kabanov da ağciyər xərçəngindən öldü.
- Atanız həm də Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə yaxından dəstək göstərirmiş...
- Atam deyirdi ki, harada olsaq da kimliyimizi unutmamalıyıq. Ona görə də evdə və universitetdə daima Azərbaycan dilində danışırdı. Hətta zarafatla “tələbələr məni başa düşmək istəyirlərsə, Azərbaycan dilini öyrənsinlər” deyirdi. Valideynlərimin elmi tədqiqatlarla bağlı müzakirələri də Azərbaycan dilində olurdu.
O, doğurdan da, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ən böyük dəstəkçisi idi. Yaxşı xatırlayıram, Yaponiyada elmi konfransda iştirakı zamanı Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün NATO-nun təqaüd proqramına müraciət etmiş və müsbət cavab almışdı. Azərbaycan NATO-ya üzv olmasa da, ancaq Türkiyədə aspirantların yararlandığı bu proqramdan onun səyləri sayəsində laboratoriyada işləyən bir azərbaycanlı qız da faydalandı. Atam həmvətənlərini görəndə özünü dünyanın ən xoşbəxt insanı sayırdı. Hər zaman “Azərbaycan mənim hər şeyimdir” deyirdi.
Adətən, atam dərslərdə ləhcə ilə danışırmış. Çünki türk tələbələr ədəbi dilimizi anlamaqda çətinlik çəkirmiş. Azərbaycanlı elm adamları ilə də mütəmadi əlaqələr qurur, onları yanına dəvət edirdi. Hətta atam xəstələndiyi zaman professor, doktor Adil Allahveriyevi Yıldız Texniki Universitetinə dəvət etdi və ona laboratoriyada elmi araşdırmalar aparmaq üçün hər cür şərait yaratmaqla dəstək verdi.
Bu gün valideynlərimin tələbələri bütün dünyada koronavirusun vaksininin tapılması üçün çalışırlar. Yıldız Texniki Universiteti veb-saytında anamın vəfatını bütün elm dünyasının ən böyük itkisi olduğunu yazmışdı. Valideyinlərimin hər ikisi yazdığı əsərlərlə elm tarixində, dərs verdiyi tələbələrin, mənsub olduğu xalqın ürəyində böyük alim, gözəl insan, gözəl ata, sevimli ailə başçısı kimi daima yaşayacaq.
Valideynlərim Yıldız Texniki Universitetinin Biomühəndislik fakültəsində ilk dəfə müxtəlif xəstəliklərə qarşı peyvəndlərin hazırlanmasının təməlini qoymaqla Türkiyədə və dünyada bu istiqamətdə uğurlara imza atan alimlər yetişdirdilər. Atam həmçinin Nyu-York Elmlər Akademiyası və Amerika Kimyaçılar Cəmiyyətinin üzvü idi. Elmi kəşflərinə görə TUBİTAK-ın Ali mükafatının laureatı olmuşdu. O, polimerlər kimyası, immunologiya, biologiya, biokimya və biofizika sahələrində 3 000 elmi əsər, 10 kitab və 12 ixtiranın müəllifidir.
Əslində, anam da atamdan geri qalmayıb. Zeynəb Mustafayeva 250-dən çox, o cümlədən beynəlxalq dərəcəli jurnallarda dərc olunmuş 70-ə yaxın elmi məqalənin, 4 kitab və 4 patentin müəllifidir. Onun rəhbərliyi altında 22 doktorluq, 11 namizədlik dissertasiyası (PhDr) tamamlanıb. Nəticədə 2012-2013-cü illərdə ən çox PHD dərəcəli məzun yetişdirmiş müəllim-tədris üzvü mükafatını alıb.
- Bəs siz necə valideynlərinizin yolunu davam etdirirsinizmi?
- Təəssüflər olsun ki, yox. Mən İstanbul Universiteinin İqtisadiyyat fakültəsindən məzun olmuşam. Türkiyədə qida sektorunda çalışıram. Qardaşım Ruslan Yaponiyada oxudu, anam və atamın istəyi ilə Azərbaycana geri qayıtdı. İndi Bakıda neft-qaz sektorunda işləyir. Biz elm adamı olmadıq, amma həyat yoldaşım, dosent, doktor Fərhad Səmədov TÜBİTAK-da fizika sahəsində elmi araşdırmalarla məşğuldur.
Bu gün dünyanın ən gözəl iki insanının qurduğu bir ailədə anadan olduğuma görə fəxr edirəm. Mən əminliklə deyirəm ki, dünya elmi onların kəşflərindən daha çox faydalanacaq.
Anamın atamla bağlı bir xatirəsini sizinlə bölüşmək istəyirəm. O yazırdı: “33 illik ailə həyatımız oldu. Həm ailədə, həm işdə əməkdaşlıq, həm də işdən sonra elmi müzakirələrimiz, dostluq, yoldaşlıq, bunlar həyatımızın parçaları idi. Bu illər elmi axtarışlar, elmdə yeni bir söz demək, tapdanmamış cığırlar açmaq, özündən sonra tələbələri, cəmiyyət üçün yeni elmi yollar axtarmaq onun məqsədi idi. Professor, doktor Mamed Mustafayev “elmin, bilginin vətəni yoxdur”, deyərdi, amma bir tərəfdən də “harda oluramsa olum, qəlbimdə hər zaman Azərbaycan eşqi yaşayırdı” söyləyərdi”.
Müəllif: Vüsalə Abbasova