Azərbaycanda I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - EKSKLÜZİV

Elm və təhsil
  • 09 aprel, 2026
  • 11:46
Azərbaycanda I sinfə qəbul mygov üzərindən həyata keçiriləcək - EKSKLÜZİV

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.

"Report"un əldə etdiyi məlumata görə, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının cari ildə təmin edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində xidmətin mövcud iş axını cari ildə təqdim ediləcək.

Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq bu il razılaşdırılması planlaşdırılır. EHİS-də inteqrasiya prosesinin yekunlaşmasından sonra bu xidmətin müəyyən müddət ərzində "mygov" platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Layihənin icrasında Elm və Təhsil Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iştirak edir.

Eyni zamanda fiziki şəxslərin gəlir vergisi bəyanı xidmətinin də rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Belə ki, bu xidmətin də EHİS-ə inteqrasiyasının 2026-cı ildə təmin edilməsi planlaşdırılır.

Bu istiqamətdə işləri İqtisadiyyat Nazirliyi həyata keçirəcək.