"QS Dayanıqlılıq 2026" reytinqində Cənubi Qafqazdan yalnız Azərbaycan təmsil olunur
- 20 noyabr, 2025
- 10:50
"Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyi tərəfindən "QS Dayanıqlılıq 2026" reytinqinin nəticələri açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Reytinqin cari buraxılışında Azərbaycan universitetlərinin sayı 8-ə yüksəlib. Bu il reytinqdə Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Xəzər və Qərbi Kaspi universitetləri təmsil olunur.
Ölkənin bir universitet (Azərbaycan Dövlət İqtisad Universiteti) TOP-800-də, 1-i (Bakı Dövlət Universiteti) TOP-1000-də, digər 6 universitet isə 1001+ və 1501+ mövqelərdə yer tutub.
Qeyd edilib ki, xüsusilə "Ətraf mühitin mühafizəsi sahəsində dayanıqlı inkişaf" meyarı üzrə Azərbaycanın 3 universiteti dünyanın TOP 400 universiteti sırasında qərarlaşıb. Bu meyar üzrə Bakı Dövlət Universiteti dünyada 57-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 309-cu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 398-ci yerdədir. Dayanıqlı inkişaf sahəsində dünyanın ən yaxşı universitetlərinin müəyyən edildiyi bu reytinqdə Cənubi Qafqaz regionundan yalnız Azərbaycan təmsil olunur.
Bildirilib ki, reytinqdə universitetlərin fəaliyyəti 3 əsas istiqamət - "Ətraf mühitə təsir" (45%), "İctimai təsir" (45%) və "İdarəetmə modeli" (10%) - üzrə qiymətləndirilir.