Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Elm və təhsil
  • 19 noyabr, 2025
  • 16:48
Azərbaycan İlahiyyat İnstitutu ilə İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin İğdır Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, memoranduma əsasən, kurikulumların, nəşr məqsədləri üçün elmi tədqiqatların mübadiləsi, birgə akademik və elmi fəaliyyətin, habelə müəllim və tələbələrə seminarların təşkili nəzərdə tutulur.

Sənəddə, həmçinin hər iki təhsil ocağının professor-müəllim heyəti üçün ixtisaslaşdırılmış təlim kurslarının təşkili kimi məsələlər yer alıb.

Memorandum ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərinə daxil olma istiqamətində tərəflər arasında akademik akkreditasiya, keyfiyyətin təminatı, təcrübə mübadiləsi üzrə əməkdaşlıq, təhsil, elmi-tədqiqat sahələrində məlumat, kitab, elmi sənəd və tələbə dissertasiyalarının mübadiləsi üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, Aİİ-nin məqsədlərindən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır.

Son xəbərlər

Bütün Xəbər Lenti