Arif Paşayevin çoxillik iş təcrübəsi aviasiyada yeni elmi tətbiqini tapıb
- 15 fevral, 2022
- 01:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyası (MAA) səciyyəvi xüsusiyyətlərinə, maddi-texniki, tədris-metodiki, elmi-tədqiqat və laborator-təcrübə bazasına görə Azərbaycan Respublikasının təhsil sistemində xüsusi yer tutur. Aviasiya mütəxəssislərinin hazırlanması mülki aviasiyanın inkişafının ayrılmaz hissəsinə çevrilib. Hava gəmiləri parkının yenilənməsi, hava daşımalarının coğrafiyasının genişləndirilməsi, beynəlxalq aeroportların inşası, ən son naviqasiya sistemlərinin quraşdırılması, müasir uçuş-texniki istismar sisteminə keçid, habelə Milli Aviasiya Akademiyası kimi hazırlıq mərkəzinin yaradılması bu inkişafın əsasını təşkil edir.
“Report” xəbər verir ki, bu fikirlər AZAL və Milli Aviasiya Akademiyası (MAA) kollektivinin MAA-nın rektoru, akademik Arif Paşayevi doğum günü münasibətilə bağlı rəsmi mətbuatda dərc olunmuş məqaləsində yer alıb.
“25 ildən artıqdır ki, akademiya bu yüksək texnoloji və elmi tutumlu sahəni dünya standartları səviyyəsində tam olaraq ali, əlavə və xüsusi peşə təhsili proqramları üzrə kadrlarla təmin edir. Məhz mülki aviasiyada uçuşların təhlükəsizliyinə qoyulan yüksək tələblər Azərbaycanda aviasiya elminin və təhsilinin əsas istiqamətlərini özündə ehtiva etmişdir. Azərbaycanda mülki aviasiyanın strateji inkişaf istiqamətləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdir.
Bu strategiyanı həyata keçirmək, genişləndirmək və inkişaf etdirmək, Azərbaycan mülki aviasiyasını dünya səviyyəsinə çıxarmaq, "Azərbaycan Hava Yolları" aviaşirkətini dünyanın nüfuzlu, müasir, təhlükəsiz və etibarlı dövlət aviadaşıyıcılarından birinə çevirmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti, diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur”, - məqalədə vurğulanır.
Qeyd edilir ki, bu gün, 25 ildən artıq vaxt keçdikdən sonra Azərbaycan mülki aviasiyasının bu illər ərzində ən sürətli inkişaf yolu keçdiyini aydın görmək mümkündür. Aviasiya Akademiyası 1992-ci ildə Milli Aviasiya Mərkəzi kimi yaradılmışdır. 1994-cü ildə Milli Aviasiya Mərkəzinin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Dövlət Konserninin - indiki "Azərbaycan Hava Yolları" QSC-nin nəzdində Milli Aviasiya Akademiyası adlandırılmışdır. Ali təhsil müəssisəsi fəaliyyətə başlayarkən burada bir fakültə, iki ixtisas mövcud idi və 80 tələbə təhsil alırdı.
1996-cı ildə Akademik Arif Mir Cəlal oğlu Paşayevin MAA-nın rektoru təyin edilməsi Milli Aviasiya Akademiyasının təşəkkülündə və inkişafında mühüm hadisə oldu. Akademik Arif Paşayev Azərbaycan xalqının parlaq nümayəndələrindən olmaqla, müdrik və mütərəqqi rəhbər, son dərəcə zəngin həyat və peşə təcrübəsinə malik alimdir. Akademiyanın rektoru müasir aviasiya ali təhsil müəssisəsinin inkişafı üçün zəruri olan bütün tədbirləri görür. Müdrik rəhbərlik və birgə səylər nəticəsində Aviasiya Akademiyası bu illər ərzində öz layiqli təşəkkül və tərəqqi yolunu keçmişdir.
Akademik Arif Paşayevin çoxillik iş təcrübəsi aviasiya sahəsində yeni elmi tətbiqini tapıb. O, müasir dünya standartlarına cavab verən, özündə təhsilin, elmin və istehsalatın vəhdətini təşkil edən ali təhsil müəssisəsi yaradıb. Rektor gözəl bilirdi ki, professor-müəllim heyətinin və tələbələrin birgə elmi-tədqiqat və praktiki fəaliyyəti olmadan tamhəcmli ali təhsil qeyri-mümkündür. Akademik Arif Paşayev vahid kollektiv yaratmağa, onun pedaqoji, elmi və praktiki fəaliyyətini təşkil etməyə və əlaqələndirməyə müvəffəq olmuşdur.
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Kosmik Məsələlər üzrə Şuranın sədri olmaqla, Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan Respublikasında aerokosmik sahənin strateji əhəmiyyətli elmi layihələrinin təməlində dayanır. Onun rəhbərliyi altında bu gün Milli Aviasiya Akademiyası Heydər Əliyev Beynəlxalq Aeroportunun bilavasitə yaxınlığında yerləşən kampus üslublu müasir elmi-tədris-təcrübi kompleksdir.
Akademiyada 20 bakalavriat, 17 magistratura və 10 doktorantura ixtisasları üzrə iki minə yaxın tələbə təhsil alır. Fəaliyyət göstərdiyi illər ərzində akademiya 9 000-dən çox mütəxəssis hazırlamışdır. Müasir təyyarə və helikopter pilotlarının, havada hərəkətin təşkili üzrə dispetçerlərin, aerokosmik texnikanın layihələndirilməsi və istismarı üzrə mühəndislərin, aeronaviqasiya, hava nəqliyyatında təhlükəsizlik, aviasiya meteorologiyası, aerokosmik monitorinq, sərnişin və yük daşımaları, terminalların və logistik mərkəzlərin idarə edilməsi, hava limanlarının istismarı üzrə mütəxəssislərin hazırlığı akademiyanın fəaliyyətinin əsasını təşkil edir. Akademiya bunlarla yanaşı, energetika, radioelektronika, telekommunikasiya, informasiya texnologiyaları, ekologiya üzrə mühəndisləri, hüquqşünaslıq, iqtisadiyyat və menecment üzrə mütəxəssisləri də hazırlayır.
Milli Aviasiya Akademiyasında ixtisasların seçilməsi və əsaslandırılması respublikanın aerokosmik, nəqliyyat, energetika və bir sıra digər sahələrinin inkişafına istiqamətlənmiş dövlət siyasətinin ayrılmaz hissəsidir. Ali təhsil müəssisəsinin ixtisaslarının hər biri özündə müəyyən missiyanı daşıyır. Bununla yanaşı, akademiyanın bütün ixtisasları bu və ya digər şəkildə aerokosmik sahə ilə bağlıdır.
Kosmik Məsələlər üzrə Şuranın sədri, akademiyanın rektoru Akademik Arif Paşayevin rəhbərliyi ilə 2012-ci ildə kosmik sahə üçün mütəxəssis hazırlığına başlanıldı. Bu addım Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının müvafiq müddəalarının həyata keçirilməsi ilə, eləcə də aerokosmik sahənin inkişafına və bu sahə üçün mütəxəssis hazırlığına təkan verən süni peyklərin orbitə buraxılmasına hazırlıqla əlaqədar atılmışdı. Həmin illərdə Nəqliyyat Nazirliyi ilə razılaşmaya əsasən, akademiyada digər nəqliyyat növləri üçün mütəxəssislərin - elektroenergetika, proseslərin avtomatlaşdırılması, logistika üzrə mühəndislərin, nəqliyyat sistemi üçün menecerlərin hazırlığına başlanıldı.
Bu gün akademiyanın təhsil strukturuna 6 fakültə, 23 kafedra, Pilotların Hazırlığı Mərkəzi, IATA İnstitutu, Texniki Xidmət Məktəbi, İnformasiya Texnologiyaları Mərkəzi daxildir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Kosmik Agentliyi - "Azərkosmos" ilə birlikdə Akademiyada Aerokosmik monitorinq mərkəzi yaradılır, kiçik peyklərin işlənib hazırlanması mərkəzinin təsis olunması nəzərdə tutulmuşdur.
Kadrların hazırlanmasında "Azərbaycan Hava Yolları" QSC-nin, "Silk Way" Şirkətlər Qrupunun (SW Group), "ASG Helicopter Services" şirkətləri, "Azərkosmos" Kosmik Agentliyinin rəhbərləri və aparıcı mütəxəssisləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Aerokosmik Agentliyinin və aparıcı ali təhsil müəssisələrinin alimləri iştirak edirlər.
Akademik Arif Paşayevin rəhbərliyi altında bu illər ərzində MAA-da zədəsiz nəzarət metodları, radiotexnika, bərk cisim elektronikası, hava nəqliyyatının, yerüstü komplekslərin, uçuş aparatlarının və onların sistemlərinin istismarı, aerokosmik monitorinq və Yerin məsafədən zondlanması, uçuşların təhlükəsizliyi, aviasiyada insan amili, aviasiya texnikasının modelləşdirilməsi və diaqnostikası, aviasiya meteorologiyası, həmçinin lazer texnikası, enerjiyə qənaət texnologiyaları, ozonlaşdırma texnologiyası, lüminessent materiallar üzrə elmi istiqamətlərin əsası qoyulmuşdur. Aerokosmik sahədə müasir informasiya texnologiyalarının, süni intellektin tətbiqi, aviasiya texnikasının, pilotsuz uçuş aparatlarının, reaktiv mühərriklərin, kiçik peyklərin, radioelektron mübarizə vasitələrinin, habelə idarəetmə sistemlərinin, enerji mənbələrinin, robot-texniki sistemlərin işlənib hazırlanması üzrə elmi istiqamətlər yaradılır və inkişaf etdirilir.
Rektor Arif Paşayevin dəvəti ilə Milli Aviasiya Akademiyasında elmi istiqamətlərin təşəkkülü və inkişafında akademiklər Roald Saqdeyev (ABŞ), Arif Mehdiyev, Akif Hacıyev, Çingiz Qacar, Emin Şahtaxtinski, Bahadur Tağıyev, Elmlər Akademiyasının müxbir üzvləri Afiq Həsənov, Ağası Məlikov, Arif Məmmədov, İsmayıl İsmayılov, professorlar Namiq Hacıyev, Fuad Qasımov, Valeri Sultanov, Telman Nizamov, Kərim Allahverdiyev, Ramiz Sadıqov, Faiq Ələsgərov, Əhəd Canəhmədov, Milli Aviasiya Akademiyasının çoxsaylı alim və mühəndisləri iştirak etmişlər. Elmi istiqamətlərin inkişafında və müzakirəsində xarici ölkələrin alimləri Daniel Usikov və Qalina Dudnikova (ABŞ), Məsud Əfəndiyev və Anar Rüstəmov (Almaniya), Alik İsmayılzadə (Fransa), Anatoli Potapov, Nikolay Plotnikov və Yelena Nikolayeva (Rusiya), Pavel Amnuel (İsrail) və bir çoxları fəal rol oynayırlar.
Azərbaycan mülki aviasiyasının uçuş heyətinin, mühəndis-texniki və digər mütəxəssislərinin 90 faizdən çoxu MAA-nın məzunlarıdır.