ASAPES və Meçnikov Universiteti arasında Memorandum imzalanıb
- 22 avqust, 2022
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti arasında anlaşma Memorandumu imzalanıb.
ASAPES-dən "Report"a verilən məlumata görə, müqavilə 5 illik dövrü əhatə edir.
Görüşdə ASAPES-in tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri, mexanika üzrə elmlər doktoru, dosent Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova və Şimal-Qərb Dövlət Tibb Universitetinin beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru Aleksey Silin, Beynəlxalq münasibətlər departamentinin rəhbəri Kseniya Xramtsova iştirak ediblər.
Sənədə əsasən tərəflər ümumi maraqları əhatə edən bir çox sahələr üzrə əməkdaşlıq edəcəklər. Buraya elmi araşdırmalar, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təhsil fəaliyyəti, tərəflər arasında razılaşdırılmış prosedur qaydaları əsasında müəllim və tədqiqatçıların, həmçinin təhsil prosesi dövründə tələbə və doktorantların akademik çevikliyi, seminar və elmi konfranslarda iştirak kimi məsələlər daxildir.
Bundan başqa, ASAPES ilə Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Həkim-Ekspertlərin Təkmilləşdirmə İnstitutu” arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirə qarşı tərəfdən Sankt-Peterburqun “Həkim-Ekspertlərin Təkmilləşdirmə İnstitutu”nun rektoru, tibb elmlər doktoru, dosent Oksana Vladimirova, həmçinin tədris və elmi işlər üzrə prorektoru, pedaqogika üzrə elmlər doktoru professor Yekaterina Loginova və tədris metodiki departamentinin müdiri, dosent Nika Travnikova qatılıb.
2022 - 2026-cı illəri əhatə edəcək anlaşmaya əsasən, tərəflər dövlətlərarası Elmi-Araşdırma Mərkəzləri yaratmaqla kadr hazırlığı, reabilitasiya üzrə mütəxəssislərin peşəkarlığının artırılması, elmi araşdırmalar, tibbi-sosial ekspertiza, təlim və tədris xarakterli tədbirlərin təşkili, master-klassların keçirilməsi üçün kadr mübadiləsi, həmçinin hər iki tərəfin maraqlarını təmin edən sahələr üzrə informasiya mübadiləsi üzrə əməkdaşlıq edəcəklər.