AHİK-in sədr müavini: “Daxil olan şikayətlərin böyük əksəriyyəti işdən çıxarılma ilə bağlıdır”
- 03 may, 2019
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda həmkarlar ittifaqlarına daxil olan şikayətlərin böyük əksəriyyəti işdən çıxarılma ilə bağlı olur”.
Bu barədə “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda həmkarlar ittifaqlarına üzv olan şəxslərin işdən çıxarılması zamanı sahibkar mütləq yazılı formada həmkarlar təşkilatına müraciət etməlidir: “10 gün müddətində həmkarlar təşkilatı sahibkara bu məsələ ilə razı olub-olmadığını bildirir. Belə halların 95 faizində həmkarlar ittifaqları işçinin işdən çıxarılmasına icazə vermir və sahibkar heç bir halda həmin şəxsi işdən azad edə bilməz. Əks halda bu məsələ məhkəmə yolu ilə həll olunur”.
A.Dadaşov bildirib ki, işçiləri qanunsuz işdən azad edən sahibkarlarla bağlı dəfələrlə məhkəmələrə müraciət olunub: “Əksər hallarda məhkəmələr həmkarlar ittifaqlarının xeyrinə qərarlar qəbul edib”.
AHİK rəsmisi qeyd edib ki, bu cür hallar həm dövlət idarələri, həm də özəl sektorda fəaliyyət göstərən müəssisələrə aiddir.
A.Dadaşov Tbilisidə Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə üçtərəfli sosial dialoqun möhkəmləndirilməsi mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir.