UNEP COP31-də Türkiyənin binaların dekarbonizasiyası üzrə prioritetini dəstəkləyəcək
- 10 sentyabr, 2026
- 10:32
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Binalar və İnşaat üzrə Qlobal Alyans ("GlobalABC") COP31 çərçivəsində Türkiyənin binaların dekarbonizasiyasına dair prioritetini, o cümlədən Binalar üzrə Antalya Paktı üzərində işi dəstəkləyəcək.
"Report" xəbər verir ki, bunu UNEP-in İqlim Texnologiyaları Mərkəzinin və Şəbəkəsinin nümayəndəsi Ariesta Ninqrum Bakıda keçirilən IV İqlim Həftəsində (CW4) bildirib.
"Biz Bakı İqlim Həftəsi çərçivəsində bu tədbiri dəstəkləməkdən və Antalyada COP31-ə hazırlıqlara təkan verməyə kömək etməkdən məmnunuq", - o qeyd edib.
A.Ninqrumun sözlərinə görə, Binalar və İnşaat üzrə Qlobal Alyans ("GlobalABC") milli və sub-milli hakimiyyət orqanları, sənaye, maliyyə sektoru, akademik icma və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 420-dən çox təşkilatı birləşdirir.
O vurğulayıb ki, alyans sıfır tullantılı səmərəli və davamlı tikinti mühitinin formalaşdırılması üzərində işləyir:
"COP31 sədrliyi binaların dekarbonizasiyasını və dayanıqlılığını özünün 10 prioriteti sırasına daxil edib".
A.Ninqrum bildirib ki, UNEP və "GlobalABC" tikinti sektoru üçün praktiki rəhbərliyin və gündəliyin təşviq edilməsində Türkiyənin COP31 sədrliyinə dəstəyi davam etdirmək niyyətindədir:
"Ümidvarıq ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, işlərin icrasının sürətləndirilməsi, eləcə də ümumi enerji və iqlim məqsədlərinə doğru kollektiv fəaliyyətin təşviqi üçün Binalar üzrə Antalya Paktı üzərində işi COP31 sədrliyi ilə davam etdirəcəyik".