Umayra Tağıyeva: 2026-2030-cu illər üçün iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti üzrə müzakirələr aparılır

Ekologiya
  • 29 sentyabr, 2025
  • 12:34
Umayra Tağıyeva: 2026-2030-cu illər üçün iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti üzrə müzakirələr aparılır
Umayra Tağıyeva

Azərbaycanda 2026-2030-cu illər üçün iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti üzrə müzakirələr aparılır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə əsasən, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" planı bütün fəaliyyətlərin əsas istinad mənbəyidir:

"Bu strategiyada iqlim dəyişikliyi ilə mübarizə, işğaldan azad olunan ərazilərdə "yaşıl texnologiya"nın tətbiqi, istixana qazlarının azaldılması əsas hədəflərdəndir".

Nazir müavini bildirib ki, azad olunmuş ərazilərin sıfır emissiya zonasına çevrilməsi planlaşdırılır:

"Fəaliyyətimiz çərçivəsində meşə fondunun qorunması, yaşıllıqların artırılması, hidrometeoroloji monitorinq xidmətlərinin aparılması, Xəzər dənizinin ekoloji mühitinin qorunması və s. üzrə işlər aparılır. Bu hədəflərə çatmaq və keçidi sürətləndirmək üçün güclü hüquqi baza, bərabərlik, institusional və humanitar əsaslar, dayanıqlı siyasətlər vacibdir".

U.Tağıyeva həmçinin xatırladıb ki, Azərbaycanda "Atmosferə atılan istixana qazlarının idarə edilməsi haqqında" qanun layihəsi hazırlanıb:

"Sənəd ölkədə buraxılan istixana qazlarının azaldılmasını və emissiya ticarət sistemi yaradılmasını nəzərdə tutur".

Son xəbərlər

Bütün Xəbər Lenti