Siliqato: Xəzəryanı ölkələr iqlim çağırışlarına qarşı birgə strategiya hazırlamalıdır

Ekologiya
  • 08 sentyabr, 2026
  • 10:21
Siliqato: Xəzəryanı ölkələr iqlim çağırışlarına qarşı birgə strategiya hazırlamalıdır

Xəzəryanı beş ölkə artıq regionun ekologiyasına, infrastrukturuna, iqtisadiyyatına və su təhlükəsizliyinə təsir göstərən Xəzər dənizinin iqlim çağırışlarına reaksiya vermək üçün birgə yanaşma işləyib hazırlamalıdır.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Çoxölkəli ofisinin direktoru Simonetta Siliqato "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsindəki panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi vahid hidroloji sistemdir, lakin uzun müddət elmi tədqiqatlar və məlumatların toplanması Xəzəryanı beş dövlətin milli sərhədləri daxilində ayrı-ayrılıqda aparılıb.

"Əgər biz həqiqətən nə baş verdiyini anlamaq istəyiriksə, məlumat mübadiləsi aparmalı, qarşılıqlı fəaliyyət göstərməli və birgə planlaşdırmalıyıq", - S.Siliqato bildirib.

O qeyd edib ki, UNOPS tərəfindən Dünya Bankı ilə birgə, Qlobal Ekologiya Fondunun maliyyələşdirməsi ilə Azərbaycan, Qazaxıstan və Türkmənistanda həyata keçirilən "Blue in the Caspian Sea" layihəsi çərçivəsində birgə planlaşdırma üçün ümumi elmi baza yaradılır.

S.Siliqato həmçinin müqayisə edilə bilən monitorinq sistemlərinin, ümumi məlumat bazalarının və məlumat mübadiləsi platformalarının yaradılmasının vacibliyini vurğulayıb.

O həmçinin qeyd edib ki, Tehran Konvensiyası beş Xəzəryanı dövlətin əməkdaşlığı üçün əsas yaradır, lakin elmi və texniki komponenti gücləndirmək, məlumat mübadiləsini genişləndirmək və dayanıqlı maliyyələşdirməni təmin etmək lazımdır.

S.Siliqato əlavə edib ki, beş ölkənin birgə fəaliyyəti daha səmərəli və iqtisadi cəhətdən daha sərfəli olacaq.