Səidə Səfayeva: Dünya ictimaiyyəti 2030-cu ilə qədər bir sıra DİM-lərə nail olmaya bilər

Ekologiya
  • 09 sentyabr, 2026
  • 11:10
Səidə Səfayeva: Dünya ictimaiyyəti 2030-cu ilə qədər bir sıra DİM-lərə nail olmaya bilər

İqlim dəyişikliklərinə qarşı mübarizə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə ayrılmaz şəkildə bağlıdır, çünki məhz onlar iqlim öhdəliklərindən praktiki icraya keçid üçün əsas yaradır.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Səidə Səfayeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Antalyada keçiriləcək COP31-in geniş müzakirə olunmasına baxmayaraq, dünya ictimaiyyəti DİM-lərin müəyyən edilmiş müddətdə - 2030-cu ilə qədər həyata keçirilməsinə daha çox diqqət yetirməlidir.

"Biz Antalyada keçiriləcək COP31 haqqında çox danışsaq da, unuduruq ki, daha bir mühüm hədəfə - 2030-cu ilə yaxınlaşırıq. Buna cəmi dörd il qalıb və vaxt çox azdır", - Səfayeva qeyd edib.

O vurğulayıb ki, enerji təhlükəsizliyi, ərzaq, insan inkişafı və su təhlükəsizliyi sahəsindəki məqsədlər bir-biri ilə sıx bağlıdır.

Səfayeva, həmçinin DİM-lərin həyta keçirilməsində irəliləyiş sürətindən ciddi narahatlığını bildirib və xəbərdarlıq edib ki, dünya ictimaiyyəti müəyyən olunmuş müddətə qədər nəzərdə tutulmuş bir sıra məqsədləri reallaşdırmamaq riski ilə üz-üzədir.

O, beynəlxalq və milli təşkilatları tərəfdaşlığa həsr olunmuş DİM 17 çərçivəsində praktiki tədbirlərə diqqət yetirməyə çağırıb.

"Bizim icra üzrə praktiki və konkret addımlara ehtiyacımız var. Öhdəliklər son dərəcə çoxdur, lakin həm mənim regionumda, həm də bütün dünyada inteqrasiya olunmuş hərtərəfli fəaliyyət demək olar ki, yoxdur", - Səfayeva vurğulayıb.

44 - Tezliklə