Samed Ağırbaş: COP31 komandası Azərbaycanla əməkdaşlıqdan çox şey öyrənib

Ekologiya
  • 07 sentyabr, 2026
  • 11:11
Samed Ağırbaş: COP31 komandası Azərbaycanla əməkdaşlıqdan çox şey öyrənib

COP31 iqlim öhdəliklərindən onların praktiki icrasına keçidə və real nəticələrin təmin edilməsinə kömək etməlidir.

"Report" xəbər verir ki, bunu COP31-in yüksək səviyyəli çempionu, "Zero Waste Foundation"ın prezidenti Samed Ağırbaş Bakıda Dördüncü İqlim Həftəsinin (BCAW 2026) açılışında bildirib.

O, Azərbaycana və COP29 sədrliyinə minnətdarlığını bildirərək qeyd edib ki, COP31 komandası Azərbaycan tərəfinin təcrübəsi, dəstəyi və əməkdaşlığı sayəsində çox şey öyrənib.

"Bu gün biz yeni bir səyahətə başlamırıq. Biz sizinlə birlikdə COP31-ə - Bakıdan Türkiyədəki COP31-ə gedən yolu davam etdiririk", - S.Ağırbaş bildirib.

O, iqlim təşəbbüslərini həyata keçirilməsi mümkün olan və investisiya cəhətdən cəlbedici layihələrə çevirməklə COP31-i real iqtisadiyyata yaxınlaşdırmağın zəruriliyini vurğulayıb.

"Dövlət və özəl maliyyələşmə arasında daha sıx əməkdaşlığa ehtiyacımız var. Biz iqlim həllərinin şəhərlər, icmalar və insanlar səviyyəsində həyata keçirilməsini təmin etməliyik. Mən istəyirəm ki, COP31 qeyri-dövlət iştirakçılarının təkcə müzakirələrin deyil, həm də bu həllərin icrasının bir hissəsi olacağı bir platformaya çevrilsin", - o qeyd edib.

Onun sözlərinə görə, iqlim transformasiyasının daha bir vacib elementi "Sıfır tullantı" (Zero Waste) hərəkatıdır.

O qeyd edib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi altında "Sıfır tullantı" hərəkatı ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində praktiki fəaliyyətlərin vacibliyini nümayiş etdirib.