Rəşad İsmayılov: İqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur
- 22 may, 2026
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişmələrinin nəticələri dünyanın hər yerində hiss olunur.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" sessiyada deyib.
Onun sözlərinə görə, artıq şəhərlər də bu hadisələrin təsirinə məruz qalır:
"Artıq şəhərlərin inkişafı və məskunlaşmanın təmin edilməsi yalnız iqtisadi göstəricilərlə deyil, həm də ətraf mühitin qorunması, sosial rifah və iqlim dayanıqlılığı prinsipləri nəzərə alınmaqla planlaşdırılmalıdır. İndiki və gələcək nəsillərin tələbatını ödəmək üçün "yaşıl" texnologiyaların tətbiqi, enerjidən səmərəli istifadə, habelə dairəvi iqtisadiyyata və rəqəmsal idarəetməyə keçid zəruridir.
Şəhərlərimizin gələcəyi torpaqların və digər təbii resursların istifadəsi, infrastruktur, yaşayış sahələri ilə bağlı verilən strateji qərarlardan, plan və proqramlardan birbaşa asılıdır. "Azərbaycan 2030: Milli Prioritetlər" sənədində "yaşıl artım" iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanın yaradılması əsas 5 hədəfdən biridir".
Nazir vurğulayıb ki, bu baxımdan, "yaşıl iqtisadiyyat"ın əsas komponenti olan Strateji Ekoloji Qiymətləndirmənin planlamada tətbiqi mühüm ekoloji idarəetmə alətidir:
"Strateji Ekoloji Qiymətləndirmə "Dayanıqlı şəhərlər və icmalar" və "İqlim fəaliyyətləri" kimi Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən hədəflərimizin, eləcə də iqlim öhdəliklərimizin icrasının planlaşdırma mərhələsində izlənməsinə imkan verir.
Paris Sazişi çərçivəsində milli hədəflərimiz "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədində əks olunmuşdur. Ölkəmiz 2035-ci ilədək istilik effekti yaradan qazların emissiyalarının 40% azaldılması öhdəliyini götürüb.
Strateji Ekoloji Qiymətləndirmə planlaşdırmada mövcud strateji sənədlərlə uzlaşmanı tələb edir. Bu yanaşma ilə biz gələcək fəaliyyətlərimizin karbon izini və potensial ekoloji risklərini əvvəlcədən müəyyən edə, alternativ inkişaf variantlarını düzgün, elmi əsaslı məlumatlar əsasında qiymətləndirə, resurslardan səmərəli istifadə edə bilirik".