Qəbələdə yanğın təhlükəsizliyi mövzusunda konfrans keçirilib
- 15 aprel, 2022
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Qəbələdə təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda fermer və sahibkarlarla görüş keçirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, kənd təsərrüfatı nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, görüşün əsas məqsədi yanğın təhlükəsizliyi ilə bağlı iştirakçıların maarifləndirilməsindən ibarətdir.
Onun sözlərinə görə, baş verən hər hansı yanğının qarşısını almaq və ya onun tamamilə söndürülməsi üçün dövlət vəsaiti sərf olunur: “Demək olar ki, hər il fermer və sahibkarlara xəbərdarlıq olunur ki, biçilmiş taxıl sahələrini yandırmayın. Lakin yenə də eyni hallar müşahidə olunur. Fermerlər elə bilirlər ki, biçilmiş taxıl sahələrini yandırmaq növbəti illərdə məhsuldarlığı artırır. Bu, belə deyil. Əksinə, torpağa ziyan vurur. Bütün bu və ya digər səbəblərdir ki, təbiət ərazilərində baş verən yanğınların 98 %-i insan faktoru ilə bağlıdır”.
Daxili İşlər Nazirliyinin əməkdaşı Vüqar Məmmədov bildirib ki, biçilmiş taxıl sahələrinin yandırılması əksər hallarda böyük fəsadlara səbəb olur ki, bu da cinayət və ya inzibati məsuliyyət yarada bilər: “Biçilmiş taxıl sahələrinə od vurmaq birmənalı şəkildə yol verilməzdir və belə hallar qanunun müvafiq maddələrinin pozulmasıdır. Taxıl sahələri ətrafda olan insanlara, onların mülklərinə, evlərə, tikililərə, ticarət obyektlərinə, dövlət və ya hərbi infrastrukturlara ziyan verə bilər. Ona görə də biçilmiş taxıl sahələrini yandırmaq, biçindən əvvəl və ya sonra zəmilərdə tonqal və ya od qalamaq qəti qadağandır”.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev fermer və sahibkarların diqqətinə çatdırıb ki, cari biçin mövsümündə diqqətli olsunlar və təhlükəsizlik qaydalarına əməl etsinlər: “Yenə də deyirəm, insan faktoru burada ən önəmli məqamdır. Biçilmiş taxıl sahələrini yandırmayın və ya hər hansın şəxsin yandırmasına şərait yaratmayın. Bir sözlə, təhlükəsizlik qaydalarını pozmayın. Əks təqdirdə, qaydaları pozan fermerlər cəzalandırılacaqlar”.