Pərvanə Vəliyeva: Ermənistan sərhəd ərazilərindəki dağ-mədən işlərini nəzarətdə saxlamalıdır
- 19 iyun, 2026
- 15:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva koalisiyanın Ermənistanda "Liderlər təbiət naminə" devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciəti ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistanın transsərhəd çaylarını zərərli tullantılarla çirkləndirməsi Azərbaycan ekologiyasına çox mənfi təsir göstərir:
"BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 2026-cı ilin aprel ayında işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyanın araşdırma hesabatında da məhz Oxçuçayın tullantılarla çirkləndiyi faktı qeyd olunub. Hazırda iki ölkə arasında sülh prosesi davam etdirilir. Bu konteksdə transsərhəd çaylarının çirkləndirilməsi ilə bağlı müzakirələr aparılmalıdır".
Deputat qeyd edib ki, Ermənistan sərhəddə yerləşən ərazilərdə dağ-mədən işlərini nəzarətdə saxlamalıdır:
"Ermənistanın iqtisadi inkişafı regionun su ehtiyatlarının, ekosisteminin məhv edilməsi hesabına həyata keçirilməməlidir".
P.Vəliyeva Ermənistanın hələ də BMT-nin İqtisadi Komissiyasının "Su Konvensiyası"na qoşulmadığını vurğulayıb:
"Bu səbəbdən, Ermənistan transsərhəd çayların ekosistemi ilə bağlı hər hansı hesabatlılıq sənədinə imza atmır".