Perumal Arumuqam: COP29 qərarları karbon bazarlarının inkişafına təkan verib
- 07 sentyabr, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Yüksək ekoloji bütövlüyə malik karbon bazarları milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) icra xərclərini azaltmaq, iqlim maliyyəsini səfərbər etmək və emissiyaların azaldılmasına töhfə vermək iqtidarındadır.
"Report" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin İqlim dəyişmələrinin nəticələrinin yumşaldılması şöbəsinin meneceri Perumal Arumuqam "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Bakıda karbon bazarlarının müzakirəsi xüsusi əhəmiyyət kəsb edir, çünki məhz 2024-cü ildə COP29-da Paris Sazişinin 6-cı maddəsinin praktiki tətbiqinə dair qərarlar qəbul edilib.
"Karbon bazarları emissiyaların azaldılması üzrə xərclərin aşağı salınması hesabına bu fərqi azaltmağa kömək edə bilər. Onlar maliyyələşmədən kənarda qala biləcək emissiyaların azaldılması üçün imkanlar yarada və investisiyaları aşağı karbonlu texnologiyalara, dayanıqlı infrastruktura və milli inkişaf prioritetlərinə yönəldə bilər", - o bildirib.
P.Arumuqam, həmçinin qeyd edib ki, 6-cı maddə Paris Sazişinin məqsədlərinə uyğun olaraq beynəlxalq əməkdaşlıq üçün daha möhkəm əsas yaradır. Onun sözlərinə görə, mexanizm potensial olaraq Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin icrasının illik xərclərini 250 milyard dollardan çox azalda bilər və 168-dən çox ölkə artıq ondan istifadə etmək niyyətində olduğunu açıqlayıb.