Patrisiya Skotland: Azərbaycan inkişaf etməkdə olan kiçik dövlətlərə dəstək üçün 5 milyon dollar ayırıb

Ekologiya
  • 07 sentyabr, 2026
  • 12:38
Patrisiya Skotland: Azərbaycan inkişaf etməkdə olan kiçik dövlətlərə dəstək üçün 5 milyon dollar ayırıb

Azərbaycan iqlim gündəliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərə (SIDS) dəstək üçün 5 milyon dollar ayırıb.

"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Patrisiya Skotland Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

O qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək öhdəliyi götürüb və nəticədə müvafiq layihələrin hazırlanmasına və həyata keçirilməsinə yardım məqsədilə Birlik fondu yaradılıb.

Skotland bildirib ki, Millətlər Birliyinin İqlim Maliyyəsinə Çıxış Mərkəzi 8 milyon dollardan az maliyyələşmə ilə artıq 594,34 milyon dollar cəlb etməyə kömək edib. 26 ölkə dəstək alıb, 123 layihə həyata keçirilib və 4 139 dövlət qulluqçusu təlim keçib.

O, həmçinin Bakı Adaptasiya Yol Xəritəsinin və Qlobal İqlim Şəffaflığı Platformasının vacibliyini vurğulayıb.

Skotlandın sözlərinə görə, ölkələrə ardıcıllıq və sadiqlik lazımdır, çünki onlar konkret nəticələrə gətirib çıxarmayan vədlərdən yorulublar.

"Azərbaycan ardıcıl və məqsədyönlü liderliyin nələrə nail ola biləcəyini nümayiş etdirib. Bunu etmək üçün texnologiyalara, imkanlara və biliklərə malikik. Biz birlikdə və tərəfdaşlıq çərçivəsində işləməliyik", - o vurğulayıb.