Nigar Arpadarai: Mədəni və ekoloji diplomatiyanı əlaqələndirmək üçün mühüm imkanlar mövcuddur

Ekologiya
  • 10 sentyabr, 2026
  • 14:30
Nigar Arpadarai: Mədəni və ekoloji diplomatiyanı əlaqələndirmək üçün mühüm imkanlar mövcuddur

Mədəni diplomatiyanı ekoloji diplomatiya ilə əlaqələndirmək üçün mühüm imkanlar mövcuddur.

"Report"un məlumatına görə, bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən "Türk sivilizasiyasında mədəni irs və biomüxtəlifliyin qorunması: ortaq ənənələrdən birgə fəaliyyətə" adlı tədbirdəki çıxışında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə birgə regional təşəbbüslər, elmi-tədqiqat proqramları və praktik layihələr hazırlamalıdır:

"Məsələn, Türk dünyasında qorunan təbiət və mədəni irs ərazilərindən ibarət şəbəkənin yaradılması imkanını araşdıra, canlı növlərinin və ekosistemlərin mühafizəsi sahəsində əməkdaşlığı gücləndirə bilərik. Bundan başqa, təbii və mədəni irsimizə zərər vurmayan, əksinə, onu qoruyan dayanıqlı turizmi təşviq etməliyik".

N.Arpadarai ortaq irsi hamının birlikdə daşıdığı məsuliyyət kimi dəyərləndirib:

"Bir nümunəni diqqətinizə çatdırmaq istəyirəm. Son 30 il ərzində Xəzər dənizində suyun səviyyəsi təxminən iki metr aşağı düşüb. Elmi dairələrdə belə bir ümumi qənaət var ki, istiləşmə sürətləndikcə suyun səviyyəsinin daha da azalma ehtimalı olduqca yüksəkdir. Mən parlamentdə Səbail qalasının yerləşdiyi Səbail rayonunu təmsil edirəm. Bu, arxeoloqların təxminən 90 ildir su altında tədqiq etdiyi orta əsr qalasıdır. Əvvəllər qala demək olar, görünmürdü. İndi isə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində onu görmək mümkündür".

Deputat bildirib ki, dənizin suyu geri çəkildikcə belə tarixi abidələr sözün əsl mənasında suyun altından üzə çıxır, müdafiəsiz qalır və fərqli təhlükələrlə üzləşir:

"Eyni vəziyyət Azərbaycanın sahilboyu ərazilərində də müşahidə olunur. Düşünürəm ki, bu masa ətrafında təmsil olunan digər Türk dövlətlərinin sahillərində də oxşar vəziyyət yaranıb. Bu nümunə mədəniyyətlə üzləşdiyimiz ekoloji problemlər arasındakı əlaqəni göstərir".