Nigar Arpadarai: "Emissiyaların azaldılması prosesinə biznes nümayəndələri də cəlb edilməlidir"

Ekologiya
  • 09 sentyabr, 2026
  • 14:38
Nigar Arpadarai: Emissiyaların azaldılması prosesinə biznes nümayəndələri də cəlb edilməlidir

Hökumətlər emissiyaları azaltmaq üçün öhdəlikləri ilə çıxış edərkən biznes nümayəndələri bu prosesə cəlb edilməlidir.

"Report" xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)" çərçivəsində keçirilən dəyirmi masada bildirib.

"Dünyanın müxtəlif yerlərindən olan biznes nümayəndələri ilə görüşdüyüm zaman onların hamısı bu prosesə cəlb olunmaq və iştirak etmək istəyirlər. Onlar təklif edirlər ki, hökumətləri bu öhdəlikləri götürərkən onlarla danışsın. Aydındır ki, bizim üçün əsas məsələ budur ki, özəl sektor iqlim dəyişikliyinin əhəmiyyətini və istehsal fəaliyyətlərinin yaratdığı ekoloji izi dərk etsin. Sizi masaya dəvət etməyimizin səbəbi budur ki, COP danışıqçıların qlobal qərarlar üzərində razılığa gəldiyi illik tədbirə çevrilir, lakin günün sonunda bu qərarlar və öhdəliklər siz və icma tərəfindən həyata keçirilir, vətəndaş cəmiyyəti isə buna nəzarət edir", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə, dünyanın müxtəlif yerlərində özəl sektor nümayəndələri və müəssisələr eyni çağırışlarla üzləşir: "Onlar eyni imkanlara malikdirlər və hökumətlərə eyni suallar toplusunu verirlər. Məsələn, əgər özəl sektorun iqlim dəyişikliyinə reaksiyasından və davamlılığın onların strategiyalarının bir hissəsi olmasından danışsaq, bu bizim məqsədimizdir. Biz buradayıq ki, sizi dinləyək və bu prosesi necə gördüyünüzü eşidək. Bizim üçün bu məsələyə dair baxışınızı bilmək son dərəcə vacibdir. Davamlılığı strategiyanızın bir hissəsi kimi görürsünüz, yoxsa davamlılıq sizin üçün yükdür? Bu, vermək istədiyim sualdır".

44 - Tezliklə