Nazlı Yenal: Türkiyə COP29 təşəbbüsləri əsasında yüksək səviyyəli dialoq keçirməyi planlaşdırır

Ekologiya
  • 10 sentyabr, 2026
  • 12:22
Nazlı Yenal: Türkiyə COP29 təşəbbüsləri əsasında yüksək səviyyəli dialoq keçirməyi planlaşdırır

Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüslər resurslardan səmərəli istifadə, dairəvi iqtisadiyyat və metan emissiyalarının azaldılması sahəsində gələcək əməkdaşlıq üçün əsas ola bilər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin baş eksperti Nazlı Yenal Bakıda keçirilən IV İqlim Həftəsində (CW4) bildirib.

"Mən Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüslərini, eləcə də Resursların səmərəliliyi və dairəviliyi üzrə Gündəliyi, eyni zamanda Ekoregionda dayanıqlı və dairəvi iqtisadiyyat üzrə regional təşəbbüsü xüsusilə qeyd etmək istərdim. Onlar bu sahələrdə regional əməkdaşlığın inkişafı üçün mühüm platforma yaradıb", - o qeyd edib.

N.Yenalın sözlərinə görə, üzvi tullantılardan metan emissiyalarının azaldılmasına dair COP29 bəyannaməsi, Türkiyənin iqlim prioritetləri nəzərə alınmaqla, tullantıların idarə olunması, dairəvi iqtisadiyyat və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq üçün də əsas yaradır.

"Bu təşəbbüslər gələcək işimiz üçün - COP29-dan COP31-ə, Bakıdan Antalyaya və COP31-dən sonrakı illərə doğru möhkəm təməl rolunu oynayır", - o qeyd edib.

N.Yenal bildirib ki, Türkiyə həmçinin tullantılar sektorunda metan emissiyalarının azaldılması üzrə yüksək səviyyəli dialoqa başlamağı planlaşdırır: "Məqsədimiz sadəcə olaraq növbəti yüksək səviyyəli görüş keçirmək deyil. Biz COP31-dən sonra da işini davam etdirəcək monitorinq, sonrakı fəaliyyət və əməkdaşlıq mexanizmi yaratmaq istərdik".