Nazirlik əhalini və sahibkarları Xəzər dənizini çirkləndirməməyə çağırıb

Ekologiya
  • 01 fevral, 2019
  • 11:40
Nazirlik əhalini və sahibkarları Xəzər dənizini çirkləndirməməyə çağırıb

Bakı. 1 fevral. REPORT.AZ/ "Xəzər dənizi bioloji zənginliyi olan, unikal və qapalı su hövzəsidir. Xəzər dənizinin flora və faunasının, ekosisteminin mühafizəsi xüsusilə aktual məsələdir".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. 

Onun sözlərinə görə, bu gün Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmasa, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər: "Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dənizin ətraf mühit və təbii ehtiyatlarının mühafizəsini daim diqqət mərkəzində saxlayır və mütəmadi dənizdə, onun sahil zolağında monitorinqlər keçirir. Ötən ilin yay mövsümündən başladığımız monitorinqlər zamanı dənizin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində, müəssisə və təşkilatlarda məişət və tullantı sularının düzgün idarə olunmadığı aşkar olunub. Monitorinqlərin nəticəsi olaraq müəssisə və təşkilatların rəhbərlərinə istehsalat sahəsinə uyğun təmizləyici qurğuların quraşdırılması istiqamətində çağırışlar edilib və müvafiq tövsiyələr verilib, müvafiq məktublar göndərilib. Təəssüflər olsun ki, bu günə kimi çox az sayda müəssisə və təşkilat bizim çağırış və tövsiyələrimizə reaksiya verib. Lakin bir sıra sahibkar tərəfindən müasir təmizləyici qurğuların quraşdırılması və formalaşan tullantı sularının idarə olunması istiqamətində işlər görülüb".

Ə.Həsənov hüquqi və fiziki şəxslərə bir daha çağırış edərək onları qısa müddət ərzində müasir təmizləyici qurğular quraşdırmağa çağırıb: "Qarşıdan yaz-yay istirahət mövsümünün gəldiyini nəzərə alaraq, ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın. Məqsədimiz Xəzər dənizinin ekoloji mühitinin mühafizəsinə nail olmaqdır. Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir. Bu sahədə mütəxəssislərimiz tərəfindən monitorinqlər davam etdirilir".