Nazir müavini: Süni intellekt texnoloji prioritetləri yenidən nəzərdən keçirməyə sövq edir

Ekologiya
  • 08 sentyabr, 2026
  • 10:47
Nazir müavini: Süni intellekt texnoloji prioritetləri yenidən nəzərdən keçirməyə sövq edir

Süni intellektlə bağlı yeniliklər texnoloji prioritetlərimizi yenidən nəzərdən keçirməyə sövq edir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.

Nazir müavini Azərbaycanın iqlim risklərinə qarşı həyata keçirdiyi planlardan bəhs edərkən bildirib ki, Azərbaycan milli monitorinq sisteminin modernləşdirilməsinə investisiya qoyulması istiqamətində mühüm addımlar atıb:

"Azərbaycan geniş meteoroloji müşahidə sisteminə malikdir. Son 5 il ərzində 2026-cı ilin investisiyaları nəzərə alınmaqla, bu sistemlərin 82 faizi artıq avtomatlaşdırılıb. Lakin bu, erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində əsas və birinci pillədir. Qarşıda həyata keçirilməli bir sıra mühüm hədəflər mövcuddur".

O vurğulayıb ki, UNEP və Yaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda dayanıqlılığın artırılması üçün iqlim məlumatları və çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi" layihəsinin həyata keçirilməsi planlaşdırılır.

U.Tağıyeva əlavə edib ki, hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyayalara və yeni imkanlara keçid edir:

"Qeyd edim ki, süni intellektlə bağlı yeniliklər texnoloji prioritetlərimizi yenidən nəzərdən keçirməyə sövq edir. Bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır. Bu istiqamətdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin mart ayında təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" ölkəmizin siyasətini müəyyən edən önəmli sənəddir. Strategiyanın icrası ölkədə süni intellektin inkişafını və tətbiqini sürətləndirəcək, bu sahədə daha sistemli yanaşma formalaşacaq".