Naxçıvanda yağıntıların artımı su ehtiyatlarına müsbət təsir göstərib

Ekologiya
  • 15 aprel, 2023
  • 18:37
Naxçıvanda yağıntıların artımı su ehtiyatlarına müsbət təsir göstərib

Son günlər Naxçıvan Muxtar Respublikasının çay yataqlarında və su anbarlarında su səviyyəsinin qalxması müşahidə olunur. Buna səbəb bir neçə gündür fasiləsiz yağan yağışlardır.

“Report”un yerli bürosunun xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Lalə Allahverdiyeva bildirib ki, yağıntıların miqdarının artması ilə əlaqədar olaraq son günlər Heydər Əliyev Su Anbarına təqribən 15-20 kubmetr, Bənəniyar Su Anbarına isə 1,5-3 kubmetr su daxil olub. Həmçinin Arpaçay Anbarına su daxilolmalarında da artım müşahidə olunub.

Son zamanlar muxtar respublikaya yağan yağışlar çaylarda da sululuqun artmasına səbəb olub. Hazırda hidroloqlar çaylarda sululuğun dəyişməsinin öyrənilməsi məqsədilə ölçmə işləri aparırlar.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Dürdanə Həsənova bildirib ki, son həftədə Naxçıvana 33 mm, Şərurda 31 mm, Şahbuzda 29 mm, Ordubadda 25 mm, Culfada 16 mm, Sədərəkdə 26 mm, Biçənəkdə 34 mm, Parağaçayda 46 mm, Kəngərlidə isə 17 mm yağıntı düşüb. Çaylarda isə suyun səviyyəsinin artması nəticəsində Qarababada çayın səviyyəsi 15 sm, Qıvraqda 29 sm, Culfada 18 sm, Qızılvəngdə isə 2 sm qalxıb.