Muxtar Babayev Türk dünyasını ətraf mühitin qorunması üzrə birgə fəaliyyəti genişləndirməyə çağırıb

Ekologiya
  • 10 sentyabr, 2026
  • 14:35
Muxtar Babayev Türk dünyasını ətraf mühitin qorunması üzrə birgə fəaliyyəti genişləndirməyə çağırıb

Türk dünyası ölkələri biomüxtəlifliyin qorunması, təbii irsin mühafizəsi və iqlim dayanıqlılığının artırılması üçün ənənəvi bilikləri və müasir yanaşmaları birləşdirməlidir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV İqlim Həftəsində (CW4) bildirib.

Onun sözlərinə görə, Türk dünyası xalqları əsrlər boyu dağların, meşələrin, çöllərin, çayların və su-bataqlıq ərazilərinin əhatəsində yaşayıblar, torpaq və su ehtiyatlarının idarə edilməsi, kənd təsərrüfatı, heyvandarlıq, meşələr və yerli ekosistemlər barədə bilikləri nəsildən-nəslə ötürüblər.

"Bu biliklərə yalnız mədəni irsimizin bir hissəsi kimi baxılmamalıdır. Onlar həmçinin biomüxtəlifliyin qorunması, torpaq resurslarının idarə edilməsi və iqlim dayanıqlılığının artırılması sahəsindəki müasir məsələlərin həllinə kömək edə bilər", - M. Babayev qeyd edib.

O, UNESCO-nun transsərhəd Ümumdünya İrsi obyekti olan və Azərbaycanla qonşu ölkələr arasında bölünmüş Hirkan meşələrinin qorunması məsələsində əməkdaşlığın vacibliyini vurğulayıb.

"Onların qorunması elmin, mühafizə olunan ərazilərin idarə edilməsinin və yerli biliklərin birləşdirilməsinin vacibliyini nümayiş etdirir", - prezidentin nümayəndəsi bildirib.

M.Babayev həmçinin qeyd edib ki, iki yeni milli parkın yaradılmasından sonra Azərbaycan 12 milli parka malikdir və xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,5 %-dən çoxunu əhatə edir.

Onun sözlərinə görə, Türk dünyası ölkələri artıq toplanmış mədəni qarşılıqlı əlaqə təcrübəsi əsasında təbiətin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirə bilərlər.

"Milli parklarımız birbaşa əməkdaşlıq edə bilər. Alimlərimiz və müfəttişlərimiz birgə tədqiqatlar, təlimlər və biomüxtəlifliyin monitorinqini apara bilərlər", - o əlavə edib.

M. Babayev vurğulayıb ki, mədəni irsin təbiətin mühafizəsi ilə birləşdirilməsi unikal landşaftların və ənənələrin qorunmasını gücləndirməyə, eləcə də onların beynəlxalq səviyyədə tanınmasını artırmağa imkan verəcək.