Muxtar Babayev: 2030-cu ilədək enerji şəbəkələrinə sərmayələrə 600 milyard dollar lazımdır
- 10 sentyabr, 2026
- 16:39
Yeniliklərdən dərhal xəbərdar olun!
2030-cu ilədək enerji şəbəkələrinə sərmayələrə 600 milyard dollar lazımdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-da (BCAW 2026) bildirib.
Onun sözlərinə görə, təmiz enerjiyə keçid davam edir, lakin bu prosesin praktiki icrası əsas çağırış olaraq qalır.
M. Babayev vurğulayıb ki, enerji keçidini həyata keçirərkən eyni zamanda enerjinin etibarlılığını, əlçatanlığını və məqbul qiymətini təmin etmək lazımdır. Bununla yanaşı, bütün dövlətlərə uyğun gələcək vahid universal yol mövcud deyil.
"Ölkələr bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməli, enerji səmərəliliyini artırmalı, enerji şəbəkələrini modernləşdirməli və yeni texnologiyalar tətbiq etməlidir. Bütün bunlar əhəmiyyətli investisiyalar tələb edir", - o qeyd edib.
Azərbaycan Prezidentinin nümayəndəsi həmçinin regional qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.
"Bizim regiona (Cənubi Qafqazda – red.) müxtəlif enerji sistemləri, iqtisadi strukturu və inkişaf ehtiyacları olan ölkələr daxildir. Məhz buna görə də regional əməkdaşlıq çox vacibdir", - M. Babayev bildirib.
Onun sözlərinə görə, dövlətlərin üzləşdiyi bir çox maneələr oxşardır – texnoloji və maliyyə boşluqlarından tutmuş standartlar, peşə bacarıqları və institusional potensial sahəsindəki problemlərə qədər.