Muxtar Babayev: Dövlətlər özlərini müharibələrdən sığortalamağa çalışırlar, iqlim çağırışları kənarda qalıb
- 13 mart, 2026
- 11:41
Hazırda dövlətlər özlərini münaqişə və müharibələrdən sığortalamağa çalışır, iqlim çağırışları kənarda qalıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan "COP-u yaşatmaq uğrunda mübarizə" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, iqlim proqramları üçün maliyyə vacibdir:
"Lakin burada qəbul olunan öhdəliklərin yerinə yetirilməsi məsələsi var. İndiyədək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının çox sayda Tərəflər Konfransı (COP) keçirilib. Lakin qəbul edilən qərarların icrası sual altındadır. İrəliyə doğru necə getməyi müzakirə etmək lazımdır. Keçmiş və gələcək COP namizədləri müzakirələr aparmalıdırlar. Çoxtərəflilik, BMT təzyiq altındadır".
M.Babayev əlavə edib ki, Bakıda keçirilən COP29-da 300 milyard dollarlıq maliyyə ilə bağlı qəbul edilən qərar və 1.3 trilyon dollarlıq yol xəritəsi sual altındadır. Əfsuslar olsun ki, bəzi ölkələrin bu qərardan uzaqlaşdıqlarını görürük. Dövlətlər daha çox müdafiə, təhlükəsizlik məsələsinə maliyyə ayırmağa üstünlük verirlər. Onlar özlərini münaqişə və müharibələrdən sığortalamağa çalışırlar, iqlim çağırışları kənarda qalıb".