Murat Bayram: Türkiyə binaların enerji səmərəliliyi üçün rəqəmsal monitorinq tətbiq edir

Ekologiya
  • 10 sentyabr, 2026
  • 10:01
Murat Bayram: Türkiyə binaların enerji səmərəliliyi üçün rəqəmsal monitorinq tətbiq edir

Türkiyə binaların enerji səmərəliliyini artırmaq və karbon emissiyalarını azaltmaq üçün rəqəmsal monitorinq sistemi və milli "yaşıl sertifikatlaşdırma" tətbiq edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin baş direktorunun müavini Murat Bayram Bakıda keçirilən IV İqlim Həftəsində (CW4) deyib.

Onun sözlərinə görə, tikinti sektoru iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə hədəflərə nail olunmasında mühüm rol oynayır:

"Biz binalarda enerji səmərəliliyinin artırılmasına və karbon emissiyalarının azaldılmasına yönəlmiş rəqəmsal monitorinq sisteminin köməyi ilə məlumatlara əsaslanan siyasət hazırlayırıq".

M.Bayram həmçinin Türkiyədə SDR milli "yaşıl sertifikatlaşdırma" sisteminin tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, bu sistem tikinti sektorunda "yaşıl keçidi" dəstəkləyərək, dayanıqlı binaların və yaşayış məntəqələrinin inkişafına kömək edir.

O Türkiyənin kollektiv fəaliyyətləri stimullaşdırmaq üçün qabaqcıl təcrübələri bölüşməyə çalışdığını da vurğulayıb.