Murat Kurum: "COP31 maliyyələşdirmə məsələlərinə həsr olunacaq"
- 20 aprel, 2026
- 14:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) maliyyələşdirmə məsələlərinə həsr olunacaq.
"Report"un verdiyi məlumata görə, bunu Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum "Reuters"ə müsahibəsində bildirib.
O qeyd edib ki, konfransın əsas mövzularından biri əvvəlki konfranslarda qəbul edilmiş təşəbbüslərin həyata keçirilməsi olacaq.
Kurum maliyyələşdirmənin ən vacib məsələ olduğunu qeyd edib: inkişaf etməkdə olan ölkələrin iqlim hədəflərinə nail olmaq üçün təxminən 1 trilyon ABŞ dollarına ehtiyacı olacaq. O əlavə edib ki, müharibələrin və təhlükəsizlik böhranlarının qlobal gündəmdə üstün olduğu şəraitdə ictimaiyyətin iqlim siyasəti barədə məlumatlılığı artırılmalıdır.
"Əvvəlki bütün COP-larda mühüm qərarlar qəbul edilib. Biz onların icrasını izləyəcəyik, lakin vacib olan onların reallaşdırılmasıdır. Dünya bizdən hərəkətə keçməyimizi gözləyir", - Kurum deyib.
Nazir ölkələri əvvəlki COP sessiyalarında təqdim etdikləri milli töhfələri (NDC) həyata keçirməyə çağırıb. O xatırladıb ki, bəzi ölkələr hələ də NDC təqdim etməyiblər.
Onun sözlərinə görə, dünyada müharibələrin qaçılmaz olmasına baxmayaraq, Türkiyə bütün ölkələri ümumi mənzərəyə diqqət yetirməyə və iqlim dəyişikliyi ilə bağlı yaxınlaşmaqda olan təhdidləri nəzərə almağa çağıracaq.
M.Kurum bildirib ki, qarşıdakı konfransda Türkiyə yalnız vədlərə deyil, tədbirlərin həyata keçirilməsinə üstünlük vermək istəyir: "Biz istəyirik ki, bütün ölkələr COP31-ə qədər öz NDC-lərini təqdim etsinlər. Biz bu istiqamətdə, o cümlədən BMT çərçivəsində işləyirik".
O əlavə edib ki, inkişaf etməkdə olan ölkələrin öz NDC-lərini hazırlamaq üçün 150 milyon ABŞ dollarına ehtiyac var: "COP30-un ən nəzərəçarpan çatışmazlıqlarından biri qalıq yanacaqdan mərhələli imtina ilə bağlı konkret formulların olmaması idi. COP31-də bu mövzunun necə nəzərdən keçiriləcəyi barədə suala cavab verən Kurum qeyd edib ki, Türkiyə COP30-un qərarlarının yerinə yetirilməsinə nail olmaq niyyətindədir və bu cür keçid üçün texnologiyalar əlavə olaraq inkişaf etdirilməlidir".
Nazir vurğulayıb ki, Türkiyə həm bərpa olunan enerji mənbələrindən, həm də qalıq yanacaqdan istifadə edir, çünki öz ehtiyaclarını və enerjiyə olan tələbatını təmin etməlidir, lakin daha ucuz texnologiyalar yaranarsa, bundan imtina etməyə hazırdır: "Biz keçid dövrünü təmin edərək qalıq yanacaqdan imtina məsələsini qlobal gündəmə gətirməliyik. COP31-də əvvəlki tədbirdə (COP30) qəbul edilmiş qərarların bir hissəsini tətbiq edəcəyik".