"LCOY Azərbaycan 2025"in bağlanış mərasimi keçirilib - YENİLƏNİB
- 02 sentyabr, 2025
- 16:28

Bakıda "SEA BREEZE Resort"da BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı - "LCOY Azərbaycan 2025"in bağlanış mərasimi keçirilib.
"Report" xəbər verir ki, sentyabrın 1-dən etibarən iki gün davam edən tədbir iqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakının müzakirəsinə həsr olunub.
Konfransın ikinci günündə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Azərbaycanda COP29-un keçirilməsinin qlobal iqlim diplomatiyasında mühüm tarixi hadisə olduğunu və gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini qeyd edib:
"Azərbaycan gənclərinin iqlim gündəminə dair təşəbbüslərinin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq arenada əks-səda doğuraraq gələcək qlobal siyasətin formalaşmasına töhfə verəcək".
"EkoSfera" Ekoloji-Sosial Mərkəzin rəhbəri və COP29 Təşkilat Komitəsinin üzvü olan Firuzə Sultanzadə çıxışında gənclərin davamlı gələcəyin qurulmasında mühüm rol oynadığını vurğulayıb.
Günün proqramı çərçivəsində "İqlim və Dayanıqlı Gələcək: Gənclərin Baxışı" və "İqlim Dəyişmələri və Dayanıqlı İnfrastruktur" mövzularında panel müzakirələri təşkil olunub.
Sessiyalarda dövri iqtisadiyyat və ekoinnovasiyalar, biomüxtəliflik və ekosistemlərin bərpası, ESG prinsipləri, tullantılardan dəyər yaratmaq, sosial ədalət, yaşıl iş yerləri, su təhlükəsizliyi və QHT-lərin rolu mövzuları üzrə təqdimatlar dinlənilib.
Sonda "SEA BREEZE Resort"da Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatının (NYS) yekun variantı müzakirə edilərək qəbul olunub.
Qeyd edək ki, konfrans Bakı Dövlət Universiteti və "SEA BREEZE Resort" ilə tərəfdaşlıq çərçivəsində, CBC – Caspian International Broadcasting Company-nin informasiya dəstəyi ilə təşkil olunub. LCOY Azerbaijan 2025-in əsas təşkilatçısı 25 illik təcrübəyə malik olan və dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən "EkoSfera" Ekoloji-Sosial Mərkəzidir.
Bakıda "SEA BREEZE Resort"da BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı - "LCOY Azərbaycan 2025"in bağlanış mərasimi keçirilir
"Report" xəbər verir ki, konfransın ikinci günü Azərbaycan Gənclərinin İqlim üzrə Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
Yekun mərasimdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin VII çağırış deputatı və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, həmçinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəhbəri Rafiq Aslanov iştirakçılarla görüşəcəklər.
Konfransın ikinci günündə iştirakçıların iqlim liderliyi və ictimai iştirak, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, ekoinnovasiyalar və dövri iqtisadiyyat, biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpası, dayanıqlı infrastruktur və su təhlükəsizliyi, gənclərin siyasətdə rolu və qərar qəbuletmə proseslərində iştirakı mövzuları müzakirə olunacaq. Bu mövzular həm nəzəri, həm də praktik biliklərin artırılmasında böyük rol oynayacaq.
Qeyd edək ki, konfransda 150-dən çox gənc iqlim lideri, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar və ölkənin aparıcı ekspertləri bir araya gəlib.
Xatırladaq ki, sentyabrın 1-də Bakı Dövlət Universitetində BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – "LCOY Azerbaijan 2025"in açılış mərasimi keçirilib.