Kristian Mensa: Mövcud iqlim problemlərinin həllini COP100-ə qədər təxirə salmaq olmaz
- 09 sentyabr, 2026
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) əsas nəticəsi təkcə bilavasitə COP zamanı təsdiq edilmiş qərarlar deyil, həm də onun başa çatmasından sonra davam edən fəaliyyətlər olmalıdır.
"Report" xəbər verir ki, bu barədə COP31 Sədrlik Ofisinin baş müşaviri Kristian Mensa "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Gəlin işi COP100-ə qədər uzatmayaq. Amma əgər nə vaxtsa COP100-ü keçirməyə ehtiyac yaranarsa, o, yeni nəsil iqlim problemlərinin və ya o vaxta qədər ortaya çıxacaq yeni ekoloji məsələlərin həllinə həsr olunmalıdır", - o qeyd edib.
K.Mensanın sözlərinə görə, hər bir iqlim konfransı sıfırdan başlamamalıdır. COP çərçivəsində iş ardıcıl olmalı, bir sədrlik dövründə yaradılmış təşəbbüslər və tərəfdaşlıqlar isə növbəti sədrlik dövründə davam etdirilməlidir.
Antalyada keçiriləcək qarşıdan gələn COP31-dən bəhs edən K.Mensa vurğulayıb ki, konfrans, başa çatdıqdan sonra da fəaliyyətini davam etdirə biləcək dayanıqlı tərəfdaşlıqlar formalaşdırmalıdır.