Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub

Ekologiya
  • 13 avqust, 2025
  • 17:24
Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub

Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair ictimai dinləmə keçirilib.

"Report" xəbər verir ki, dinləmədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi məsələsi müzakirə edilib.

Birinci məsələ üzrə müzakirələrdə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) aparıcı mühəndisi Mehman Həsənov deyib ki, sözügedən layihənin əsas məqsədi yol infrastrukturunu təkmilləşdirməklə nəqliyyat axınında mövcud sıxlığın qarşısını almaq, hərəkətin təhlükəsizliyini artırmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir:

“Layihənin məqsədi üzü Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə hərəkət sıxlığını aradan qaldırmaqdır”.

Göstərilən ərazidə xeyli ağac olduğunu xatırladan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov qeyd edib ki, layihə ilə bağlı aidiyyəti ekspertlər səviyyəsində müzakirələr aparılır.

Dinləmədə həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsinə də toxunulub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcrasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur:

"Çayın məcrası ərazidən 14 kilometr məsafədə dəyişdiriləcək. İqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün tədbirlər həyata keçiriləcək”.

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin xüsusi əhəmiyyətindən söz açılıb. Bildirilib ki, bu qovşaq Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara marşrutu üzrə də xüsusi iqtisadi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, yeni qovşağın tikintisi liman və sərhəd bölgələrinə çıxışı daha əlçatan etməklə turizmi, kənd təsərrüfatını və ümumilikdə ticarəti canlandıracaq. Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt-Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını daha əlçatan edəcək.

Müzakirələr eskpertlərin təklifləri və iştirakçıların polemikası ilə davam etdirilib.

Foto: Vüqar Xanlarov