İsmayıl Serageldin iqlim problemlərinin həlli üçün koalisiya yaratmağı təklif edib
- 09 sentyabr, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya ölkələri iqlim problemlərinin, o cümlədən ümumi su ehtiyatları ilə bağlı problemlərin həlli üçün "istəklilər koalisiyaları"nın formalaşdırılması imkanını nəzərdən keçirə bilərlər.
"Report" xəbər verir ki, belə bir təkliflə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"da (BCAW 2026) çıxış edib.
"Dünyada iqlim fəaliyyətini maliyyələşdirmək üçün kapital çatışmazlığı yoxdur, lakin hazır investisiya layihələri yaratmaq və institusional mexanizmləri dəyişdirmək lazımdır", - o qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ildə özəl sektorun idarəçiliyində olan vəsaitlərin məbləği ilk dəfə olaraq 500 trilyon dolları ötüb.
"Biz hər zaman ildə 3 trilyon dollara (iqlim problemlərinin həlli üçün - red.) ehtiyacın olduğundan danışırıq. Amma dediyim kimi, dünyada kapital çatışmazlığı yoxdur", - o bildirib.
Serageldin qeyd edib ki, yalnız inkişaf etmiş ölkələrin rəsmi yardımına deyil, özəl kapitala üstünlük verildikdə lazımi məbləğdə vəsaitin cəlb edilməsi daha real xarakter alır.
"İnvestisiya qərarları hazır məhsula əsaslanmalıdır. Layihələr müəyyən edilməli, hazırlanmalı və qiymətləndirilməlidir", - o vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları, çoxtərəfli banklar və BMT agentlikləri ölkələrə iqlim dayanıqlılığı, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə layihələr işləyib hazırlamaqda kömək etməklə bu prosesdə mühüm rol oynaya bilərlər.
Serageldin həmçinin iqlim fəaliyyəti üçün yeni texnologiyaların və süni intellektin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, texnologiyalar kənd təsərrüfatının dayanıqlılığının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və su ehtiyatlarının daha səmərəli idarə olunmasına töhfə verə bilər.